Şriftin ölçüsü :

Saytın rəngi :

Qanlı yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı RİH başçısı rayon ərazisində yaşayan şəhid ailələrini ziyarət edib

20 yanvar 2021 | 16:00

20 yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov rayon ərazisində yaşayan şəhid ailələrini ziyarət edib. RİH başçısı ilə birgə millət vəkili Nigar Arpadarai, RİHB-nın müavinləri və məsul əməkdaşları şəhidlərin əziz xatirəsini yad edib, dərin hörmət və ehtiramlarını ifadə ediblər.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov şəhidlərin ailə üzvləri ilə görüş zamanı qeyd etmişdir ki: “20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı. 20 Yanvar hadisələrin nəticəsində şəhid olmuş ailələrin sosial vəziyyəti daim dövlətin diqqət mərkəzindədir. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün də mühüm işlər görmüşdür. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb. Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir. Təqaüdün məbləği 2021-ci il yanvarın 1-dən 300 manatdan 500 manatadək artırıldı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyeva şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin problemlərinə daim diqqət və qayğı ilə yanaşır. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görür”.
Şəhidlərin  ailə üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinin rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı fərman və sərəncamlardan məmnunluq ifadə etdiklərini, bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə başçımıza və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini vurğulamışlar.
Sonda RİH başçısı Vuqar Zeynalov şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanmış, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

 

Keçidlər