Qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir
Azərbaycanda prioritet vəzifə kimi qarşıya qoyulan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də qeyri-neft sənayesinin inkişafıdır. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət, eləcə də iqtisadi islahatlar nəticəsində Azərbaycanda iqtisadiyyatın dayanıqlığının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılır. Qeyri-neft sektorunun inkişafı strategiyasının əsas məqsədi ölkənin neft amilindən asılılığını minimuma endirməkdir.
Hazırkı dövrdə sənayenin yeni modellərin tətbiqi ilə inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qlobal çağırışlarla uzlaşan sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın daha da azaldılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yeni imkanlar açır. Məhz bu səbəbdən dövlət başçısının sənayeləşmə siyasəti xeyli vaxtdır ki, ölkənin iqtisadi inkişafının əsas istiqamətlərindən biri elan olunub və sözügedən istiqamətdə mühüm tədbirlərin icrası daha da sürətləndirilib.
Yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında açılan “Azerfloat” vərəqə şüşə istehsalı müəssisəsi və təməli qoyulan “Azərsulfat” sulfat turşusu, “Glassica” şüşə tara istehsalı zavodlarının açılışı bunu təsdiqləyir. “Azərsulfat” MMC-nin “sulfat turşusu istehsalı” layihəsi çərçivəsində tikiləcək zavodun investisiya dəyəri 6 milyon ABŞ dollarıdır. Zavodda ildə 20 min ton məhsul istehsal olunması ilə yanaşı təkcə son 3 ildə Azərbaycana hər il 5–10 min ton sulfat turşusu idxalın əvəz olunması və növbəti mərhələlərdə Gürcüstana və Rusiyaya ixrac edilməsi də nəzərdə tutulur. Bu ilin sonunda fəaliyyətə başlayacaq zavodda 30-dan çox iş yeri yaradılacaq. Həmçinin, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri də “Glassica” Qapalı Səhmdar Cəmiyyətidir ki, burada şüşə tara məhsullarının (butulka) istehsalı zavodunu inşa edəcək. Müəssisənin məhsulları əsasən qida sektorunda qablaşdırmada istifadə olunacaq. İnvestisiya dəyəri 12 milyon ABŞ dolları olan müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək. O cümlədən, Azərbaycanda daxili bazarın rəngli butulkaya olan tələbatı təqribən 45-50 milyon ədəd arasında dəyişir. Zavodda 60-90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının istehsalı nəzərdə tutulur. Yəni, daxili bazarın tələbatı tam ödənilir, nəticədə ixrac perspektivi yaranır. Eyni zamanda, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri olan “Azərfloat” QSC Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədirki, ümumi investisiya dəyəri 100 milyon avro olan zavod ildə 80 min ton müxtəlif çeşiddə vərəqə şüşə istehsal ediləcək. Müəssisənin layihələndirilməsi və qabaqcıl texnologiyalarla təchiz olunması Almaniyanın dünyada şüşəəritmə texnologiyaları sahəsində 135 illik təcrübəyə malik “HORN Glass Industries AG” şirkəti tərəfindən təmin edilib. Müəssisədə İtaliya, Finlandiya və Çin texnologiyalarından da istifadə olunur.
Əvvəllər çirkli şəhərlər sırasında olan Sumqayıt bu gün ekoloji cəhətdən ən təmiz və yaraşıqlı, eyni zamanda, regionda ən böyük sənaye şəhərinə çevrilib. Sumqayıt Kimya Sənaye Parkının təməli 10 il bundan əvvəl Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Ötən müddətdə Azərbaycanın ilk, Cənubi Qafqazın ən böyük sənaye parkı – Sumqayıt Kimya Sənaye Parkında artıq qeydiyyata alınmış 24 rezidentdən 15-i istehsal fəaliyyətinə başlayıb. Sənaye parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika davam edir. 2020-ci ildə parkda 1,1 milyard manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 37 faiz çoxdur. İxrac isə 2019-cu illə (276 milyon manat) müqayisədə 18 faiz artaraq 2020-ci ildə 336 milyon manat təşkil edib. Bu müəssisələrdə istehsal edilən məhsullar xarici ölkələrə də ixrac edilir ki, bu da idxalın əvəzləməsi, yerli istehsala təkan verməsi, xaricə valyuta axınının azalmasına əlavə imkan yaradır. Bütün bunlar Azərbaycan iqtisadiyyatının yüksəlməsində, istər neft, istərsə də qeyri-neft sektorunun inkişafında önəmli rol oynayacaqdır.
Qeyd etmək lazımdır ki, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün Prezident İlham Əliyevin imzaladığı sərəncamlar və təsdiq etdiyi inkişaf proqramları əsasında kiçik və orta sahibkarlığın dəstəklənməsinə, bu fəaliyyətlə məşğul olanlara güzəştli kreditlərin ayrılmasına, kənd təsərrüfatına subsidiyaların yönəldilməsinə, ölkə ərazisində nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla vəsait xərclənib. Bunun sayəsində 2020-ci ildə Azərbaycanda qeyri-neft sənaye sahəsində artım 12,5 faiz olub. Həmçinin, 2021-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin təxminən 65-70 faizi qeyri-neft sektorundan gələn gəlirlərin hesabına formalaşıb. Ötən ildə neftin qiymətinin kəskin aşağı düşməsi və pandemiya ilə əlaqədar bütün dünya ölkələri iqtisadi tənəzzülə uğradı. İnkişaf etmiş bir sıra ölkələrdə iqtisadi tənəzzül 10-20 faiz arasında olsa da, Azərbaycanda bu, az faizlə ifadə olundu. Lakin, 2020-ci ildə Azərbaycanda valyuta ehtiyatları azalmadı, əksinə, az da olsa, artım oldu. Bu da Prezident İlham Əliyevin apardığı uzaqgörən və dayanıqlı iqtisadi islahatların nəticəsi idi. Göründüyü kimi bu gün dünyada Azərbaycan kimi inkişaf üçün bir çox amilləri özündə ehtiva edən ölkələrin sayı azdır. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Siyasi sabitlik, xalq-iqtidar birliyi, əmin-amanlıq, coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar, - bu, çox önəmlidir, - ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər, heç bir ölkə ilə problemin olmaması. İndi mən ümid edirəm, müəyyən müddətdən sonra Ermənistan da deyəcək ki, onların da bizimlə heç bir problemi yoxdur. Çünki əsas məsələ bunda idi, onlar bizim torpağımızı işğal etmişdilər. Onlar bizə qarşı soyqırımı törədiblər. Onlar bizim şəhərlərimizi yerlə bir ediblər. Biz, sadəcə olaraq, özümüzü müdafiə etmişik, lazımi səviyyədə müdafiə etmişik və işğalçıları torpaqlardan qovmuşuq”.
Beləliklə, Sumqayıt Kimya Sənaye Parkında təməli qoyulan və açılışı edilən müəssisələrin timsalında əminliklə deyə bilərik ki, 2021-ci il də artıq qələbələrlə başlayır. Şübhəsiz ki, Prezident İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər davam etdirilməsi, yeniləşən və güclənən Azərbaycanı göstərir.