Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı şəhid ailələri ilə növbəti dəfə görüş keçirmişdir

29 yanvar 2021 | 16:00

Yanvarın 29-da Səbail Rayon İcra Hakimiyyətində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə növbəti dəfə görüş keçirilmişdir. Görüşdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHBA-nın əməkdaşları və şəhidlərin ailə üzvləri iştirak etmişlər.
Görüş zamanı çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov qeyd etmişdir ki: “Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq ordu sıralarında xidmət edən hərbi qulluqçuların və şəhid ailələrinin etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Ümumiyyətlə, Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsi ölkə başçısının həyata keçirdiyi daxili siyasət kursunun prioritet istiqamətidir. Xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların da sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı fərman və sərəncamlar imzalanıb. Bütün bunların davamı olaraq Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı həmin kateqoriyadan olan əhali qruplarına dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə canını qurban verən vətəndaşlarımızın ailə üzvlərinin yaşayış şəraitinin yaxşılaşdırılması daim dövlətin nəzarəti altındadır. Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və veteranlarının qanuni mənafelərini və hüquqlarını müdafiə etmək, sosial-iqtisadi problemlərinin daha səmərəli həll olunmasına köməklik göstərmək məqsədilə biz sizə və sizin simanızda olan hər bir şəhid ailəsinə dəstək olmaq üçün əlimizdən gələni etməyə hər zaman hazırıq”. 
Şəhidlərin ailə üzvləri çıxış edərək onlara daim qayğı ilə yanaşan ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmiş, bir sıra məsələlərin həlli ilə bağlı arzu və təkliflərini səsləndirmişlər. 
RİH başçısı Vuqar Zeynalov şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanmış, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən vətəndaşlar 2021–2025-ci illər ərzində mərhələli şəkildə mənzil və ya fərdi evlərlə təmin olunacaqlar.

Keçidlər