Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlətin sosial yönümlü təşəbbüsləri səhiyyə sahəsini də əhatə edir

03 fevral 2021 | 16:00

Ölkəmizdə səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Təbii ki, bu da dövlətimizin vətəndaş amilinə verdyi dəyərdən irəli gəlir. İnsanların sağlam, əmin-amanlıq şəraitində yaşaması dövlətin siyasətində əsas yer tutur. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin son illərdə səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğı təbii ki, daha aydın görünür. Belə ki, atılan addımlar, həyata keçirilən məqsədyönlü siyasət bu sahəni keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşdirmiş, səhiyyə sektoru yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin olunması bu istiqamətdə həyata keçirilən siyasətin prioritetləridir. Səhiyyə müəssisələrinin təmiri və bərpası, ən müasir avalanlıqlarla təchiz edilməsi, vətəndaşların pulsuz dərman preparatları ilə təmin olunması, müalicəsi, uşaqların bütün növ xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması bu sahədə islahatların əsasını təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevral ayının 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılış mərasimində iştirak etmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasının inşa olunması faktı ölkəmizdə insanların sağlamlığına ayrılan xüsusi diqqətinin növbəti bir sübutudur. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə tikilən 150 çarpayılıq tibb müəssisəsi ən zəruri avadanlıqla təchiz olunmuşdur. Burada dünyanın aparıcı şirkətlərinin avadanlığı quraşdırılıb. Xəstəxanada cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərəcək. Bu gün ölkə rəhbərinin səhiyyə işçilərinin qarşısında qoyduğu ən mühüm vəzifə əhalinin sağlamlığının keşiyində durmaqdır. Yeni tikilmiş xəstəxana dövlətin səhiyyə sahəsindəki fəaliyyətini əks etdirir. Son illərdə bir çox xəstəxanalar tikilib və onların da müəyyən standartları var, həm memarlıq baxımından, həm də avadanlıqlarla təchizat baxımından zəngindirlər. Bu xəstəxanada bütün müasir avadanlıqlar burada quraşdırılıb və vətəndaşlara keyfiyyətli tibbi xidmət göstəriləcəkdir. Xəstəxananın inşası onu göstərir ki, bu sahədəki fəaliyyət ardıcıl şəkildə davam etdirilir. Xüsusilə qeyd etmək lazımdır ki, pandemiya dövründə Azərbaycan dövləti koronavirus pandemiyasının təsirlərinin azaldılması, insanların sağlamlığının qorunması, həmçinin, yeni xəstəxanaların inşa edilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirmişdi. Ölkəmizdə 13 modul tipli xəstəxana inşa edilmişdi ki, bununla da formalaşan xəstəxana fondu xəstəliklə bağlı bütün məsələlərin həll olunmasına tam imkan verirdi. Bununla yanaşı, pandemiyaya qədər Azərbaycanda 8 laboratoriya var idi və gündə cəmi 1000 test keçirilə bilirdi. Bu gün isə laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər. Dövlət pandemiyanın ilk günlərindən işləri düzgün təşkil etmiş və bütün lazımi addımları atmaqla beynəlxalq təşkilatlarla təmaslar qurmuşdu. Elə bunun nəticəsidir ki, Azərbaycan 4 milyon doz Çin istehsalı olan vaksinin gətirilməsini təmin etmişdi. Bu gün dünyada onlarla dövlət var ki, hələ də vaksin ala bilməyib. Lakin Azərbaycan Avropa İttifaqından 1 ay sonra vaksinasiya işlərinə başladı. Bu, bir daha dövlətin vətəndaşlarının sağlamlığına və təhlükəsizliyinə verdiyi yüksək önəmi nümayiş etdirir. Bunu dünyanın aparıcı rəy sorğusu şirkəti olan “Gallup” da Azərbaycan vətəndaşları arasında təhlil-rəy sorğusunda da görmək olar. Belə ki, vətəndaşların 86 faizi dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir və bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir
Bu gün dünyada vaksin məsələsi ətrafında mübarizə gedir və inkişaf etmiş ölkələr ədalətsizlik nümayiş etdirməklə kasıb dövlətləri ümumiyyətlə nəzərə almırlar. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi sözügedən məsələni qlobal səviyyədə qaldırması bu mənada təsadüfi çağırış deyildi. Prezident İlham Əliyev bir müddət əvvəl BMT-nin Baş Assambleyasındakı çıxışında da peyvəndlərin ədalətli bölgüsünün vacibliyini diqqətə çatdırmış, zəngin ölkələrin kasıb dövlətlərin vətəndaşları üçün peyvəndlər almasını təklif etmişdi. Təəssüf ki, ölkəmizin vaksinasiya mövzusunda təklif etdiyi humanist ideyaları ilə bir çox inkişaf etmiş ölkələrin ədalətsiz və eqoist yanaşması kontrast təşkil edir. İnkişaf etmiş ölkələr dünya əhalisinin 14 faizini təşkil edir. Amma həmin ölkələr bu günə qədər dünya vaksinlərinin 53 faizini sifariş ediblər. Azərbaycan dünyada ədalətli vaksinasiya prosesinin həyata keçirilməsinin tərəfdarıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev haqlı olaraq dünyanın üz-üzə qaldığı ədalətsiz vaksin bölgüsünü qabardaraq özlərini demokratiyanın beşiyi hesab edən dövlətlərin gerçək mahiyyətini üzə çıxardı. Prezident İlham Əliyevin səsləndirdiyi faktlar da təsdiqləyir ki, artıq dünyanın inkişaf etmiş ölkələri bu mövzuda açıq şəkildə ədalətsizlik nümayiş etdirirlər.

Keçidlər