Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaş məmnunluğunun artırılması quruculuq və bərpa proqramının əsas məqsədlərindəndir

03 fevral 2021 | 16:00

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda bir sıra sosial obyektlərin, həmçinin paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak etmişlər. 2021-ci ilin yanvarında Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindən biri kimi qeyri-neft sənayesinin inkişafına yönələn Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməlqoyma, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin, fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasının, Abşeron rayonunda bir sıra sosial obyektlərin, həmçinin paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın, yenidən qurulan 220/110/10 kilovoltluq və yeni tikilən 110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyalarının açılış mərasimlərində iştirakı bir daha göstərir ki, pandemiya ilə mübarizənin davam etməsinə baxmayaraq, dövlətimizin başçısının davamlı inkişaf strategiyasına əsasən həyata keçirilən iqtisadi və sosial layihələr heç zaman təxirə salınmamışdır. Bu, Azərbaycanın dünyaya nümunə olan yeni iqtisadi və sosial inkişaf modelinin təqdimatıdır.
Qeyd etmək lazımdır ki, Azərbaycanın istər İkinci Qarabağ müharibəsində, istərsə də COVID-19-la mübarizədə tətbiq etdiyi strategiya və model beynəlxalq səviyyədə öyrənilir və yüksək dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışı çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində ölkəmizin pandemiyaya qarşı mübarizə tədbirlərinin nümunəvi dəyərləndirilməsini, həmçinin mübarizənin “Azərbaycan modeli” ifadəsinin beynəlxalq səviyyədə daha çox səslənməsini və bunu şərtləndirən amilləri diqqətə çatdırıb. Azərbaycanın ilk gündən özünütəcridi COVID-19-la mübarizədə əsas prinsip kimi qəbul etməsi, dünyaya özünə qapanmamağa, birgə səylər göstərməyə çağırışlar etməsi yeni təcrübənin göstəricilərindəndir. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Biz, əlbəttə, çox məmnunuq ki, beynəlxalq təşkilatlar Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirirlər. Ancaq əsas vəzifəmiz ondan ibarət idi ki, xalqımızı, vətəndaşlarımızı qoruyaq. Çünki pandemiyanın ilk günlərində bəlli deyildi ki, bu xəstəliyin hansı təhlükələri, yaxud da ki, hansı fəsadları ola bilər və bu gün də tam axıra qədər tədqiqatlar aparılmayıb. Ona görə biz ilk günlərdən bu addımları ataraq və eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatı ilə təmaslar quraraq bu sahədə maksimum səmərəli iş aparmaq üçün çalışmışıq”. Hər kəsə bəllidir ki, insanların sağlamlığının qorunmasını prioritet məsələ kimi öndə saxlayan dövlətimiz səhiyyə sisteminin daha da təkmilləşdirilməsinin, yeni xəstəxanaların tikilib istifadəyə verilməsinin, modul tipli xəstəxanaların quraşdırılmasına nail olunmasının, koronavirus xəstələrinin müalicəsi üçün bütün imkanlardan istifadə etmişdir. Ölkəmizdə bununla bağlı mövcud statistikaya diqqət yetirsək görərik ki, son 17 ildə 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da əsaslı şəkildə təmir edilib. Səhiyyə sistemimizin xəstəxana və tibb müəssisələri fondu indi ən yüksək standartlara cavab verir. Bunu şərtləndirən əsas amil cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı ilk gündən “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürərək bu istiqamətdə reallaşdırdığı layihələr oldu. Möhtərəm Prezidentimizin də vurğuladığı kimi, baxmayaraq ki, o illərdə “qara qızıl”ımızın həcmi o qədər də böyük deyildi, amma bilirdik ki, Azərbaycanı böyük neft hasilatı dövrü gözləyir və bu fikir öz təsdiqini tapdı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri reallığa çevrildi. Neftdən əldən edilən gəlirlər insan kapitalına yönəldildi.
Bundan da əlavə olaraq, Azərbaycan qlobal problemə qarşı qlobal çərçivədə mübarizə aparmağa çağırış edərək Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin, həmçinin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi və buna nail olmuşdur. Məhz göründüyü kimi dövlətimizin başçısı İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ölkə Prezidentinin dünya liderliyi keyfiyyətinə yüksəldiyini bütün dünyaya nümayiş etdirdi. Dövlətimizin başçısı İlham Əliyev bu çağırış da bildirmişdir ki, peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır. Hətta Azərbaycan tərəfindən zəngin ölkələrə kasıb ölkələrin vətəndaşları üçün o peyvəndin alınmasına çağırış olunmuşdur. Bundan irəli gələrək, Azərbaycan dövləti tərəfindən bu dövrdə 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərilib, həmçinin beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verilib. Bütün bunlar Azərbaycanın digər ölkələrin problemlərinə laqeyd yanaşmadığını, ən çətin anlarda onları tək qoymaq istəmədiyini təsdiqləyir.
Bununla yanaşı, cənab Prezident Azərbaycan Televiziyasına müsahibəsində işğaldan azad edilmiş ərazilərimizdə həyata keçiriləcək bərpa işləri ilə bağlı Tədbirlər Planından da bəhs etdi. İşğaldan azad edilmiş ərazilərimizin malik olduğu potensial - bərpaolunan enerji növləri, qiymətli təbii sərvətlər, qızıl, mis yataqları, çaylar, su anbarları, kənd təsərrüfatı üçün münbit torpaq, turizm imkanları qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərin gerçəkləşməsinə böyük töhfə olacaq. Prezident İlham Əliyev bildirmişdir ki, işğaldan azad edilmiş ərazilərimizdə və xüsusilə də Şuşanın Azərbaycan tarixində mühüm yeri var və Şuşanın bərpası, dirçəlməsi hamımızın işidir: “Əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz”. Dövlət başçısı həmçinin qeyd etmişdir ki, mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar özləri deyəcəklər ki, bu şəhəri necə görmək istəyirlər, çünki bu, onların şəhəridir. Şuşanın əsl tarixi simasının və qədim mədəni abidələrinin bərpası Azərbaycan memarlıq üslubunu əks etdirməli, çox zəngin mədəni həyat olmalı və Şuşada yaşayacaq soydaşlarımız da, bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar. Sözsüz ki, ölkə başçısının tapşırıqlarına uyğun olaraq bu ərazilərdə bütün işlər planlı şəkildə aparılır, idarəçilik sisteminin nümunə olacağı əminliklə qeyd edilir. Əsas hədəf bütün dünyaya müasir Azərbaycanın gücünü göstərməkdir. İnsan amilinin dövlət siyasətinin əsasını təşkil etməsi işğaldan azad edilmiş torpaqlarımızda bərpa işlərinin görülməsində də özünü qabarıq şəkildə büruzə verir. İnsanların rahatlığının təmin edilməsi, vətəndaş məmnunluğunun artırılması quruculuq və bərpa proqramının əsas məqsədlərindəndir.

Keçidlər