Bakı şəhəri üzrə keçirilən “Vətən Müharibəsi - Qarabağ Zəfəri” adlı elmi-praktik konfransın şəhər mərhələsi keçirilmişdir
18-23 yanvar 2021-ci il tarixlərində Bakı Şəhər İcra Hakimiyyətnin təşəbbüsü və Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətən Müharibəsi - Qarabağ Zəfəri” mövzusuna həsr olunmuş videokonfrans keçirilmişdir. Konfransda BŞİH Aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elmin İmanov, Səbail RİH başçısının müavini Eldar Ağayev, RIHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak etmişlər.
Tədbirdə çıxış edən Səbail RİH başçısının müavini Eldar Ağayev bildirmişdir ki: “Azərbaycan Respublikasının Prezidenti Silahlı qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində Müzəffər Ordumuz 44 gün ərzində düşmənin mövqelərini darmadağın edərək işğal altında olan torpaqlarımızı azad etdi. Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil, əzmli və azad olmayıb. Bu bir xalqın seçimi, bir xalqın inamı nəticəsində baş verdi. Bu inamı doğruldan prezident və xalq vəhdəti oldu. "Qarabağ Azərbaycandır və nida"! Bu sözü bütün dünyaya çatdıran və əməli ilə sübut edən bizim liderimiz, prezidentimiz idi. Məhz "Dəmir yumruq" siyasətinin nəticəsidir ki, bugün biz rahatlıqla deyə bilirik ki, "Qarabağ Azərbaycandır". Bu amal, bu istək xalqımızı birləşdirdi. Xalqımız və hər bir dünya azərbaycanlısı zəmanəmizin ən uğurlu liderlərindən biri olan, beynəlxalq arenada mühüm rol oynayan Prezidenti ilə qürur duyur. Məhz bu şəxsiyyətin illər əvvəl başladığı uğurlu yol siyasəti Azərbaycanı zirvələrə qaldırdı, bütövləşdirdi, qururlandırdı. Artıq bugün güclü, müstəqil, abad, azad və firavan yaşayan, öz gücünü, birliyini, mübarizliyini, əzmini dünyaya çatdıran, uğurları ilə hər kəsi lərzəyə salan və qəlblərdə iz buraxan bu azad ölkə, bu dəmir əzmli dövlət məhz Cənab Prezident İlham Heydər oğlu Əliyevin uğurlu əsəridir".
Tədbirdə çıxış edən BŞİH Aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elmin İmanov konfrans iştirakçılarını salamladı və növbəti mərhələyə keçən məktəbliləri təbrik edərək vurğulamışdır ki: "Azərbaycan vətənpərvər və yüksək zəkalı gəncliyə sahib olan bir ölkədir. Bizi daha da məsuliyyətli və əzmlə çalışmağı tələb edən bir dövr gözləyir. Yeni mərhələdə gənclər öz potensiallarını ölkənin gələcək inkişafına, onun güclənməsinə yönəldəcək. Bu şərəfli və müqəddəs yolda hamıya uğurlar arzu edirəm".
Görüş gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması və şagirdlərin maariflənməsinə xidmət etməklə yanaşı həmçinin, elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığı formalaşdırmaqda mühüm əhəmiyyət kəsb etmişdir. Məktəblilər təyin olunmuş müddət ərzində qeyd edilən mövzular üzrə referatlarını təqdim edərək müsabiqədə iştirak hüququ əldə etmişlər.
Müsabiqədə Səbail rayonu ərazisində fəaliyyət göstərən 17 ümumitəhsil məktəbindən 17 mövzu üzrə 51 şagird iştirak etmiş, onlardan 22 şagird 1-ci mərhələni uğurla başa çatdırmış, nəticədə xüsusi tədqiqat bacarığı ilə fərqlənən 10 məktəbli Komissiya tərəfindən seçilərək 4 fevral 2021-ci il tarixində Bakı şəhəri üzrə keçirilən geniş elmi-praktik konfransda Səbail rayonunu təmsil etdi.