Şriftin ölçüsü :

Saytın rəngi :

“Qarabağ şəhidləri və Qarabağ zəfəri” adlı onlayn şeir müsabiqəsinə start verilib.

12 fevral 2021 | 16:00

11 fevral 2021-ci il tarixində Təhsil Nazirliyi, Türkiyə Təhsil Müşavirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ şəhidləri və Qarabağ zəfəri” adlı onlayn şeir müsabiqəsi ilə əlaqədar videokonfrans keçirilmişdir. Konfransda Bakı Türk Anadolu liseyinin direktoru Nurullah Yazıcı, Səbail RIHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kəmalə Həşimova və məktəb direktorları iştirak etmişlər.
Tədbirdə qeyd olunmuşdur ki, onlayn şeir müsabiqəsinin əsas məqsədi Vətən müharibəsində torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıq yolu ilə yaxından tanış olmaq və olanların əziz xatirəsini daim anmaq, qazanılan zəfəri bütün Türk dünyasının qələbəsi olduğunu geniş ictimaiyyətə çatdırmaq, gələcəyimiz olan şagirdlərin vətənpərvər ruhda formalaşdırılması işinə təkan vermək, xüsusi istedada malik olan uşaqları aşkar etməkdən ibarətdir. 
Bu gün milli vətənpərvərliyin Azərbaycanın hər bir vətəndaşının, hər bir gəncinin həyatının əsas prinsipi olduğunu bildirən Səbail RIHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kəmalə Həşimova qeyd etmişdir ki: “Hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan ölkə başçısı cənab İlham Əliyevin  rəhbərliyi  altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır. Bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz  gənclikdir. Əminliklə deyə bilərik ki, Azərbaycan  gəncliyi dövlət başçısının iqtisadi-siyasi, mədəni arenadakı siyasi fəaliyyətini birmənalı dəstəkləyir”. Gənclərə müsabiqədə uğur qazanmağı arzulayan Kəmalə Həşimova onları bütün sahələrdə fəal olmağa çağırıb.
Tədbirdə çıxış edən Bakı Türk Anadolu liseyinin direktoru Nurullah Yazıçı qeyd etmişdir ki: "Müsabiqənin əsas məqsədi bir tərəfdən uşaqlarımıza və gənclərimizə milli şüur qazandıraraq yaşadıqları coğrafiyada vətən sevgisini gücləndirmək, digər tərəfdən isə yaşadıqlarını yazaraq şeir ifadə qabiliyyətlərini inkişaf etdirməkdir”.
Tədbir zamanı 236 nömrəli tam orta məktəbin direktoru Xanlar İmaməliyev və 160 nömrəli Klassik Gimnaziyanın direktoru çıxış edərək bu müsabiqənin məqsədinin Qarabağ Zəfərini türkiyəli və azərbaycanlı gənclərin gözü ilə görmək və hər iki ölkə gəncləri arasında qardaşlıq duyğularını daha da möhkəmləndirmək olduğunu bildirmişlər.
Qeyd edək ki, "Qarabağ şəhidləri və Qarabağ zəfəri” adlı onlayn şeir müsabiqəsi Azərbaycan və Türkiyədən olan 9-11 sinif şagirdləri arasında təşkil olunur. Hər məktəbli yalnız bir şeirlə müsabiqəyə qatıla bilər. Müsabiqə və nəticələri barədə ətraflı məlumatı baku.meb.gov.tr ünvanından əldə etmək mümkündür.
Müsabiqənin yekununda 50 ən yaxşı şeir seçilərək kitab halında dərc olunacaq. İlk üç yerin qalibləri isə diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Keçidlər