Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz çərşənbəsində Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunmuşdur

16 mart 2021 | 16:00

Martın 15-də Novruz bayramı ərəfəsində və İlaxır çərşənbəsi günü xalqımızın adət və ənənələrinə uyğun olaraq Səbail rayonu, Badamdar qəsəbəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının məzarları RİH başçısı Vuqar Zeynalov, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət olunmuşdur.
Əvvəlcə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhidlərin məzarları və onların xatirəsinə quraşdırılan abidə lövhəsinin önünə gül dəstələri qoyulmuş və ruhlarına dualar oxunmuşdur.   
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Vətən müharibəsində qazandığımız şanlı Qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Bu, o müharibədir ki, dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa  vurdu. Vətən müharibəsi bizim böyük Zəfərimizlə bitdi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri idi. Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir.  Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi həm də Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı”.
Tədbir zamanı qeyd olunmuşdur ki, Azərbaycan Respublikasınının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi, Səbail rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupu lazımi qayğı ilə əhatə olunur, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların adı əbədiləşdirilir. Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə və qazilərə mütəmadi olaraq xüsusi diqqət və qayğı göstərilir. Vətən müharibəsində şəhid olanların hər birinin ailə üzvlərinə baş çəkilir, onları narahat edən poblemlərini dinlənilir. RİH tərəfindən yaradılmış işçi qrupu tərəfindən qazi ailələri ilə evlərində görüşərək onların qayğıları, səhhətləri, müalicələrinin gedişi ilə maraqlanılır, qaldırılan məsələlər yerindəcə həll edilir.
Ölkə başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Badamdar qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış “Şəhidlər abidəsi” ətrafında abadlıq işləri aparılmışdır. Eyni zamanda abidəyə aparan yolda yeni asfalt örtüyü çəkilmiş, yaşıllıq zolaqları salınmış, müxtəlif növ həmişəyaşıl ağaclar və gül kolları əkilmişdir.
Şəhidlərin  ailə üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinin rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı fərman və sərəncamlardan məmnunluq ifadə etdiklərini, bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə başçımıza və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini vurğulamışlar.

Keçidlər