“Müdrik siyasət - Qarabağ Zəfəri” mövzusunda referat yazı müsabiqəsinə yekun vuruldu
Təhsil Nazirliyinin dəstəyi, Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Böyük Qələbəyə həsr olunmuş “Müdrik siyasət və Qarabağ zəfəri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransda Təhsil Nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhramov, BŞİH başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, BŞİH-in Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Cavid Fərhadov, müsabiqənin Bakı şəhər turunun qalib şagirdləri iştirak etmişlər.
İlk olaraq tədbirdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov referat yazı müsabiqəsinin əhəmiyyəti barədə danışaraq Təhsil Nazirliyinin hər zaman gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirdiyini və bu baxımdan bu cür müsabiqələrin davamlı təşkili məktəblilərin layiqli vətəndaş kimi yetişməsində müstəsna rola malik olduğunu bildirib.
Tədbir zamanı BŞİH-nin başçısı Eldar Əzizov çıxış edərək Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkədə qüdrətli iqtisadiyyat və bu iqtisadi baza üzərində güclü ordu yaradıldığını söyləyib. Beynəlxalq münasibətlər və informasiya sahəsində böyük uğurlar əldə edildiyini deyən İcra başçısı bunun nəticəsində müharibədə şanlı qələbə qazanıldığını və torpaqlarımızın işğaldan azad edildiyini diqqətə çatdırıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva müsabiqəyə qatılan şagirdlərin öz referatlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qətiyyəti sayəsində Vətən Müharibəsində düşmən üzərində qazanılan qələbəni və Ali Baş Komandana olan məhəbbətlərini yaradıcı şəkildə ifadə etməsini yüksək dəyərləndirərək müsabiqədə qalib seçilən şagirdləri təbrik edərək onlara uğurlar arzulayıb.
Daha sonra müsabiqənin rayon turu üzrə fərqlənən şagirdləri Vətən müharibəsində qazanılan şanlı qələbənin geniş təbliğinin vacibliyini vurğulamışlar.
Müsabiqənin paytaxt rayonlarında keçirilən 1-ci mərhələsində 316 təhsil müəssisəsindən 1 879 şagird iştirak edib.İlkin mərhələdə 125 şagird qalib adına layiq görülüb, onlar diplom və hədiyyələrlə mükafatlandırılıblar. Müsabiqənin Bakı şəhər mərhələsində 33 şagird qalib gəlib. Qaliblər sırasında Səbail rayon məkəblərinin şagirdləri də olmuşdur.
Qalib məktəblilərin çıxışlarından sonra bu referatların Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən kitab şəklində çap ediləcəyi bildirilmişdir.