Səbail rayonunda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib
İyunun 2-də Səbail Rayon İcra Hakimiyyətində Səbail rayon Ağsaqqallar Şurasının təşkilati məsələlərlə bağlı hesabat-seçki konfransı keçirilmişdir. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, Səbail RİH başçısı Vuqar Zeynalov, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, RİHB-nın müavinləri, bir qrup rayon ağsaqqalı və ziyalılar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Rayon İcra Hakimiyyəti başçısı Aparatının konfrans zalında baş tutan tədbirdə Vətən müharibəsində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsi əsasında yeni formalaşmış Azərbaycan Ağsaqqallar Şurasının tərkibi, Əsasnaməsi və təşkilatın qarşısında duran vəzifələr barədə ətraflı məlumat vermiş, daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətdən, uğurlu ordu quruculuğundan, ölkəmizin bütün sahələrdə davam edən hərtərəfli inkişafından bəhs etmişdir. Qeyd olunmuşdur ki, işğal altında olan əzəli və əbədi torpaqlarımız Azərbaycan xalqının möhtəşəm vətənpərvərlik ruhu ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi və onun başçılığı altında şanlı Ordumuzun nümayiş etdirdiyi yüksək döyüş əzmi nəticəsində 44 gün ərzində azad edilib, artıq həmin torpaqlarımızda böyük vüsətlə bərpa-quruculuq işləri gedir. Ümummilli lider Heydər Əliyevin ağsaqqallara verdiyi yüksək qiymətdən, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırmasından söz açan Eldar İbrahimov hazırda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağsaqqallarımıza və ziyalılarımıza yüksək diqqət və qayğı göstərdiyini vurğulamışdır. Həmçinin ağsaqqalların üzərinə düşən vəzifələrdən bəhs edərək, gənclərin xalqa, dövlətə sədaqət ruhunda, zərərli təsirlərdən uzaq olan sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara daim böyük ehtiyacın olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirlərdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkənin ictimai-siyasi həyatında ağsaqqalların daşıdığı əhəmiyyətli roldan və onların nüfuzundan söhbət açaraq bildirmişdir ki, milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğində, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində ağsaqqallarımızın əməyi danılmazdır. Həmçinin RİH başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin tərəqqisi istiqamətində həyata keçirilən çoxşaxəli tədbirlərdən, bu tədbirlərin həyata keçirilməsində ağsaqqalların yaxından iştirakından bəhs etmiş, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə hər zaman yüksək dövlət qayğısının göstərildiyini bildirilmişdir. Respublika Ağsaqqallar Şurasının fəaliyyətinə uğurlar arzulayan RİH başçısı qeyd etmişdir ki, təşkilatda təmsil olunan tanınmış ziyalıların, elm, mədəniyyət və ictimai-siyasi xadimlərin dəstəyi ilə Azərbaycanda ağsaqqallıq institutunun fəaliyyəti və nüfuzu daha da yüksələcəkdir.
Sonra təşkilati məsələlərə baxılmış, yeni Əsasnamə qəbul edilmiş və Baba Bayramlı Səbail Rayon Ağsaqqallar Şurasının sədri seçilmişdir.