Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur

15 oktyabr 2013 | 15:00

Oktyabr ayının 14-də Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağı istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dayanacaqda yaradılan şəraitlə tanış olmuşdur.
Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər ardıcıl olaraq davam etdirilir. Paytaxtın yol infrastrukturu tamamilə yenidən qurulur, müasir körpülər və yol ötürücüləri, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, yeni parklar və xiyabanlar salınır, şəhərdə nəqliyyatın hərəkətinin intensivliyinin təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Dənizkənarı Milli Parkın yenidən qurulması və müasirləşdirilməsi paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının bu istirahət guşəsinə marağını artırmışdır. Burada keçirilən maraqlı tədbirləri izləmək və istirahət etmək üçün avtomobillərlə gələnlərin sayının artması bulvaryanı ərazilərdə tıxaclar və piyadalar üçün təhlükə yaradırdı. Dövlətimizin başçısı bütün bunların aradan qaldırılması üçün paytaxtın Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağının tikilməsi ilə bağlı göstəriş vermişdir. Hər mərtəbəsi 30 min kvadratmetr və ya 2 min avtomobil tutumuna malik olan yeraltı dayanacağın inşasına 2012-ci ildə başlanılmışdır. Ötən dövr ərzində dövlətimizin başçısı mütəmadi olaraq burada həyata keçirilən inşaat prosesinin gedişi ilə maraqlanmış, tikinti işlərinin ən yüksək standartlara uyğun şəkildə icra olunması ilə bağlı vaxtaşırı tapşırıqlarını verirdi. İnşaat işləri qısa vaxt ərzində ən müasir standartlara uyğun şəkildə başa çatdırılmışdır.
Prezident İlham Əliyev yeni yeraltı avtomobil dayanacağı ilə tanış oldu.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, yeraltı avtomobil dayanacağı ən müasir avadanlıq və sistemlərlə təchiz olunmuşdur. Burada dünyanın ən son texniki nailiyyətlərindən olan havalandırma, yanğın və təhlükəsizlik sistemləri müasir standartlara uyğun şəkildə tətbiq edilmişdir. Təhlükəsizliyin təmin edilməsi məqsədilə hər mərtəbədə təhlükəsizlik kameraları və müşahidə monitorları quraşdırılmışdır. Dayanacaqda avtomobillər üçün iki giriş və iki çıxış vardır. Piyadalar üçün isə 6 keçid inşa olunmuşdur.
Keçidlərdə bütün iqlim şəraitində işləyən müasir eskalatorlar quraşdırılmışdır. Dayanacaqda bütün sistemlər avtomatik olaraq fəaliyyət göstərir. Dayanacağın giriş və çıxışlarında su tutumları, müasir tələblərə cavab verən drenaj sistemləri, yağıntının normadan artıq olması nəzərə alınaraq əlavə su nasosları quraşdırılmışdır. Burada işçilər üçün xüsusi otaqlar yaradılmışdır.
Dövlətimizin başçısı yeraltı avtomobil dayanacağında yaradılan şəraitdən razılığını bildirdi.

Keçidlər