Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı münasibətilə tədbir keçirilmişdir

17 iyun 2021 | 16:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamına əsasən iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu münasibətlə iyunun 17-də Səbail Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Tədbirdə Səbail RİH başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları və rayon ərazisində fəaliyyət göstərən tibb müəsissələrinin rəhbərləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ilk olaraq bütün tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək bildirmişdir ki: “Həkimlik çox nəcib peşədir. İnsanların sağlamlığını qorumaq, onlara ömür bəxş etmək, yaşatmaq müqəddəs və şərəfli bir vəzifədir. Ötən bir ilə nəzər salanda deyə bilərik ki, bu dövr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial yönümlü siyasəti, ölkəmizdəki ictimai-siyasi stabillik, iqtisadi inkişaf sayəsində həm bütün Vətənimiz üçün, həm də ölkə səhiyyəsi üçün uğurlu bir il olub. Pandemiyanın ilk günlərindən düşünülmüş addımlar atan, həyata keçirilən məqsədyönlü tədbirləri ilə əhali arasında yoluxma hallarının qarşısını alan, xəstələrin müalicəsi üçün lazımi şərait yaradan, ən müasir tibbi avadanlıqların, laboratoriyaların respublikamıza gətirilməsinə, testlərin təşkili ilə müayinə və müalicənin səmərəliliyinə nail olan Azərbaycan dövləti vətəndaşların həyatını, sağlamlığını qorumaq üçün bütün resursları səfərbər edir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən tibb işçilərinin sosial müdafiəsi gücləndirilib, dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 misli miqdarında əlavələr müəyyən edilib. Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Yeni Çağrı Mərkəzi yaradılıb. Bu mərkəzdə koronaviruslu xəstələrin müalicəsinə cəlb olunmuş həkimlərə və tibb personalına psixoloji dəstək göstərilir. Həmçinin Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Cənab Prezidentin təşəbbüsü ilə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Qeyd etmək istəyirəm ki, avqust ayına qədər ölkəmizə 16 milyon peyvənd gətiriləcək, bu da əhalinin əksər hissəsinin vaksinasiya edilməsinə imkan yaradacaq. İyunun 16-na olan məlumata görə, indiyədək ölkəmizdə yeni koronavirus infeksiyasına qarşı vurulan vaksin dozalarının sayı 2 milyon 877 min 878-ə bərabərdir. Qeyd olunan məsələdə səhiyyə işçilərinin rolu danılmazdır. Bir daha səhiyyə sahəsində çalışan hər kəsi bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edir, daim peşələrinə sadiq qalmağı arzu edir və fədakar fəaliyyətlərində uğurlar diləyirəm”.
Tədbir zamanı çıxış edən 1 saylı şəhər poliklinikasının baş həkimi Kübra Cabarova qeyd etmişdir ki: “Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Fürsətdən istifadə edib, ölkə vətəndaşlarının sağlamlığı naminə bu mübarizədə fəal çalışan həmkarlarımıza sonsuz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Onlara bu məsuliyyətli və şərəfli işlərində uğurlar arzulayıram”.
Sonda 1 saylı şəhər poliklinikasının baş həkimi Cabarova Kübra, 2 saylı şəhər poliklinikasının baş həkimi Aslanova Sevda, 33 saylı şəhər poliklinikasının baş həkimi İldırımzadə Nazim və 34 saylı şəhər poliklinikasının baş həkimi Baxşəliyeva Vəfa rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Səbail RİH başçısının “Fəxri fərman”ları ilə təltif edilmişlər.

Keçidlər