Səbail rayonunda “Ağıllı məktəb” yarışmasının final mərhələsi keçirildi
XXI əsr müasir texnologiyaların, yeni elmi yanaşmaların, ixtiraların sürətlə inkişaf etdiyi dövrdür. Bu ixtiraları yaradanlar isə müasir təhsil modellərinin yetişdirdiyi insanlardır. Bu baxımdan da günün məzunu müasir tələblərə cavab verən, əmək bazarında özünü doğruldan şəxslər olmalıdır. Bütün bunları prioritet hesab edən Təhsil Nazirliyi yeni təhsil modelləri üzərində araşdırmalar aparır, bu modellərin tətbiqini vacib hesab edir. Elə bu məqsədlə də Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsinə start verdi.
Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş “Tikdim ki, izim qala” adlı “Ağıllı məktəb” yarışması Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil İnstitutunun "STEAM Azərbaycan" layihəsi komandasının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilmişdir.
İyunun 18-də M.Rahim adına 7 nömrəli tam orta məktəbdə rayon ərazisində yerləşən bir sıra orta məktəblərin 6-8 ci sinif şagirdlərinin iştirakı ilə yarışmanın final mərhələsi keçirilmişdir. Tədbirə Səbail Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Bəylərova Nigar Ələsgər qızı, Əzimzadə İnarə Çingiz qızı, eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil İnstitutunun "STEAM Azərbaycan" layihəsinin əməkdaşları qatılmışlar. Növbəti həftə qaliblərin adlarının açıqlanması nəzərdə tutulmuşdur.