Səbail rayonunda aparılan abadlıq-quruculuq işləri uğurla davam etdirilir
Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Səbail rayonunda məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, infrastrukturların yaradılması, yaşıllıqların salınması istiqamətində işlər uğurla davam etdirilir.
Rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Medianın İnkişafı Agentliyi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Salyan yolu 22 ünvanında yerləşən jurnalistlər üçün inşa edilmiş binanın həyətində abadlıq işləri həyata keçirilmişdir.
Sakinlərin təklif və müraciətləri nəzərə alınaraq aparılan abadlıq işləri çərçivəsində binanın həyətində ümumilikdə 350 kv.metr sahədə yeni tamet daş örtüyü salınmış, vətəndaşların asudə vaxtlarının səmərəli təşkili məqsədilə iki yeni söhbətgah, yeni işıq dirəkləri və oturacaqlar quraşdırılmış, o cümlədən yararsız idman qurğuları və attraksionlar yenilənmiş, eyni zamanda idman və uşaqlar üçün əyləncə meydançaları rezin örtüklərlə üzlənmişdir. Eyni zamanda burada keçirilmiş iməclik işləri zamanı həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı əlavə olaraq həmişəyaşıl ağaclar və gül kollarının əkilməsi işləri aparılmışdır.
Qeyd edək ki, rayon ərazisində aparılan abadlıq işlərində əsas məqsəd binaların həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. Rayon ərazisində aparılan abadlıq-quruculuq işləri davam etdiriləcəkdir.