Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən uğrunda canlarından keçən 91 şəhidin foto-guşəsi əks olunan “Şəhidlər” abidə kompleksinin açılışı olub

03 noyabr 2022 | 10:10

Noyabrın 2-də Səbail rayonunda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən 91 Səbail rayon şəhidinin əziz xatirələrinin əbədiləşdirilməsi məqsədilə yenidən qurulmuş Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsində yerləşən “Şəhidlər” abidə kompleksinin açılış mərasimi keçirilib. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkilləri Nigar Arpadarai və Aqil Abbas, RİHB-nın müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələri iştirak etmişlər.  

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, abidə kompleksinin önünə gül dəstələri düzülmüşdür.

Mərasim zamanı 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlıqlarından, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan söhbət açılmışdır. Qeyd olunmuşdur ki, məhz onların döyüş əzmi və Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, düzgün qərarları sayəsində torpaqlarımız işğaldan azad olunmuşdur.

Daha sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorlarının ifasında “Bizə bir nəfəs qədər yaxınsınız” adlı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.

Mərasimdə iştirak edən şəhidlərin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, aparılan islahatlar və yüksək işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, cari ilin 2-ci yarısında abidə kompleksinin tikintisi üçün şəhid ailələrinin təklif və müraciətləri nəzərə alınaraq yeni layihə və memarlıq-arxitektura üslubunda yenidənqurulması ilə bağlı qərar qəbul olunmuşdur. Ümumi sahəsi 500 kv.m. olan kompleksdə 8.5 metr hündürlüyündə təbii mərmərdən inşa olunan abidədə Vətən uğrunda canlarından keçən 91 şəhidin foto-guşəsi yaradılmış, 100 kv.m. sahədə qranit daş döşəmə örtüyü salınmış, yeni işıqlandırma sistemləri quraşdırılmışdır. Eyni zamanda kompleks ətrafında yeni park salınmış, burada yeni oturacaqlar quraşdırılmış, həmişəyaşıl ağaclar və gül kolları əkilmişdir.

Keçidlər