Rayon İcra Hakimiyyətinin başçısı ADA Universitetinə qəbul olan şəhid qızının ailəsini ziyarət edib
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov RİHBA-nın məsul əməkdaşları ilə birgə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin mayoru, “Rəşadət” ordenli Əhədzadə İlkin Qələmşah oğlunun ailə üzvlərini ziyarət etmişdir.
Ziyarətin əsas məqsədlərindən biri şəhidin ailəsində yaşanan böyük qürur və sevinci bölüşmək, eləcə də qəhrəmanımızın qızı Fidan Əhədzadənin ADA Universitetinin Biznesin idarə edilməsi ixtisasına əyani əsaslarla qəbul olması münasibətilə təbrikləri çatdırmaq olmuşdur.
Ziyarət çərçivəsində ilk öncə Badamdar qəsəbəsi, şəhid İlkin Əhədzadənin adını daşıyan küçədə, ailənin yaşadığı fərdi yaşayış evinin qarşısında ucaldılmış xatirə lövhəsi önünə gül dəstələri qoyulmuş, şəhidin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.
Daha sonra icra başçısı Vuqar Zeynalov Fidan Əhədzadəni qazandığı bu mühüm təhsil uğuru münasibətilə təbrik edərək, ona gələcək tələbəlik həyatında müvəffəqiyyətlər arzulamışdır. Görüş zamanı dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq, şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində görülən işlərin dövlət qurumlarının fəaliyyətində hər zaman prioritet təşkil etdiyi vurğulanmışdır.
Şəhidin ailə üzvləri bu sevincli gündə onlara göstərilən diqqət və həssaslığa, həmçinin ölkədə şəhid ailələrinin rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən davamlı islahatlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə etmişlər.






