Səbaildə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti ağacəkmə aksiyası
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən rayon ərazisində genişmiqyaslı abadlıq-quruculuq işlərinin görülməsi, yaşıllıqların salınması, ağacların əkilməsi və mövcud resursların qorunması istiqamətində keçirilən tədbirlər davam etdirilir.
Oktyabrın 20-də "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Salyan şossesi ünvanında (Bakı Baş Gömrük İdarəsinin qarşısı) ağacəkmə aksiyası keçirilmişdir. Ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Aksiya çərçivəsində Səbail rayonunun təbii-coğrafi iqlim şəraitinə uyğun olaraq 1000-dən çox şam və zeytun ağacları, oleyandr və dekorativ kollar əkilmişdir. Əkilən ağaclar suvarılmış, onlara aqrotexniki qulluq göstərilmişdir.