Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr – Anım Gününə həsr olunmuş rəsm sərgisi təşkil olunmuşdur

30 sentyabr 2025 | 12:26

27 sentyabr – Anım Günü münasibətilə Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə T. İsmayılov adına 6 saylı məktəb –liseyin şagirdləri üçün mühazirə, tematik ekskursiya və ustad dərsi təşkil olunub. Tədbirdə Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva , şöbənin məsul əməkdaşları və İncəsənət Muzeyinin əməkdaşları iştirak etmişdirlər. Tədbirin əsas məqsədi şəhidlərimizin əziz xatirəsini yad etməklə yanaşı, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə töhfə vermək və onların incəsənətə marağını artırmaq olub.
Ekskursiya zamanı şagirdlər muzeyin ekspozisiyası ilə tanış olub, Azərbaycan rəssamlarının yaradıcılığı və əsərləri haqqında ətraflı məlumat əldə ediblər, rəssamlarının əsərlərində milli ruhun və vətənpərvərlik mövzularının necə əks olunduğunu daha yaxından öyrənib, öz düşüncələrini bölüşüblər. İncəsənət üzrə mütəxəssislərin apardığı mühazirələr isə uşaqlarda yaradıcılığa, milli sənət irsinə marağı daha da gücləndirib.
Tədbirin sonunda təşkil edilən ustad dərsində məktəblilərə Qarabağın simvolu olan Xarı bülbül gülünün təsvirini çəkmək öyrədilib. Rəsm məşğələsi şagirdlərin həm bədii bacarıqlarını inkişaf etdirməyə, həm də Vətən rəmzlərinin incəsənət vasitəsilə qəlblərdə yaşadılmasına xidmət edib.

Keçidlər