Səbaildə Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar tədbir keçirildi
Oktyabrın 18-də Səbail Rayon İcra Hakimiyyətində Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın məsul işçiləri, Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva iştirak etmişlər.
İlk öncə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü ziyarət olunaraq xatirəsi ehtiramla yad edilmişdir.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlanmışdır.
Tədbir zamanı çıxış edən RİH başçısının müavini Kəmalə Həşimova qeyd etmişdir ki: “1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu Öndər Heydər Əliyev cümhuriyyətin müstəqilliyini əbədi və dönməz etdi. Ümumilli lider ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Müstəqilliyin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səylər bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Onun rəhbərliyi ilə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə olunub. Azərbaycan xalqının ən böyük arzusu işğal altında olan torpaqlarının azad edilməsi, ərazi bütövlünün bərpası idi. Xalqın bu arzusunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev reallaşdırdı. 2020-ci ildə 44 günlük Vətən Müharibəsində Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən Azərbaycan torpaqlarından qovulub çıxarıldı, dövlətin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi Zəfəri qazanan Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir!”.