Səbail rayonunda Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü qeyd olundu
Səbail Rayon İcra Hakimiyyətində 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Asəf Zamanov, RİHBA-nın şöbə müdirləri və əməkdaşları, rayon bələdiyyələrinin sədrləri və inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak etmişlər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad ediməsi ilə başlanılmışdır.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev dövlət müstəqilliyinin bərpa olunması münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilən məqsədyönlü və ən əsası dövlətin və xalqın maraqlarına söykənən siyasət nəticəsində reallaşdırıldığı vurğulamışdır.
Daha sonra professor Asəf Zamanov çıxış edərək bildirmişdir ki, ötən illər ərzində müstəqil Azərbaycan Respublikası böyük sınaqlardan keçərək möhkəmlənmişdir. 44 günlük İkinci Qarabağ müharibəsini şanlı qələbə ilə başa vurmağımız və Ermənistanın faktiki təslim olması bunun bariz nümunəsidir. Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik və Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir.
Tədbir zamanı çıxış edən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva qeyd etmişdir ki, 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu Öndər Heydər Əliyev cümhuriyyətin müstəqilliyini əbədi və dönməz etmişdir. Ümumilli lider ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırmışdır. Müstəqilliyin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səylər bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir.
Sonda 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar videoçarx nümayiş olunmuşdur.