31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilmişdir
31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində anım tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva, RİHBA-nın əməkdaşları iştirak etmişlər. Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad ediməsi ilə başlanılmışdır. Tədbirdə çıxış edən RİH başçısının müavini Kəmalə Həşimova azərbaycanlılara qarşı törədilən soyqırımı aktlarından bəhs edərək bildirmişdir ki: “1918-ci ilin mart-iyul aylarında erməni silahlı dəstələrinin törətdiyi qanlı cinayətlər nəticəsində qadınlar, uşaqlar və yaşlılar qətlə yetirilib. Bu faciə əsl siyasi və hüquqi qiymətini xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycanın siyasi rəhbərliyinə tarixi qayıdışından sonra almışdır. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiymətdir. Bu tarixi sənəd Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da fundamental bir proqramdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və şanlı Ordumuzun rəşadəti ilə Vətən müharibəsində qazandığımız qələbə düşmənə verilən layiqli tarixi dərsdir”. Tədbirin sonunda 1918-ci ilin mart soyqırımına həsr olunmuş sənədl film nümayiş etdirilmişdir.