Rayon İcra Hakimiyyətinin başçısı Badamdar qəsəbəsində sakinlərlə səyyar görüş keçirib
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Badamdar qəsəbəsi, Məktəbli küçəsi 16 ünvanında yerləşən 239 nömrəli tam orta məktəbdə sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.
Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkəmizin bütün bölgələrində, o cümlədən, Səbail rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə bütün sahələrdə əldə olunmuş nailiyyətlərdən, görülmüş abadlıq-quruculuq işlərindən danışmış və bütün bunların vətəndaşlarımızın layiqli və rahat həyat şəraitinin təmin olunması istiqamətində ölkə rəhbərliyinin müəyyən etdiyi əsas hədəflərdən biri olduğunu qeyd etmişdir.
Görüşdə sakinlər yeni asfalt örtüyünün salınması, qaz, su və kanalizasiya xətlərinin yenilənməsi, həyətlərin abadlaşdırılması, işıq dirəklərinin quraşdırılması, sənədsiz evlərin sənədləşdirilməsi, işlə təminat və digər sosial problemlərlə bağlı müraciət etmişlər.
RİH başçısı Vuqar Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Sakinləri rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.