Badamdar qəsəbəsində növbəti səyyar qəbul keçirilib
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev parkında sakinlərlə səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqlarının dayandığını və hər bir vətəndaşın ölkə rəhbərliyinin fəaliyyətində bunun əyani təsdiqini gördüyünü bildirən RİH başçısı Vuqar Zeynalov həyata keçirilən sosial-iqtisadi islahatlar, ölkəmizdə, o cümlədən Səbail rayonunda sosial - iqtisadi inkişaf sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə sakinlərə geniş məlumat vermişdir.
Görüşdə sakinlər fərdi yaşayış evlərinin sənədləşdirilməsi, dam örtüklərinin dəyişdirilməsi, su və kanalizasiya xətlərinin yenilənməsi və digər sosial problemlərlə bağlı müraciət etmişlər.
RİH başçısı Vuqar Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüş, RİHBA-nın fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara RİH tərəfindən rəsmi müraciətlər ünvanlanmışdır.
Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.