Bayıl yaşayış massivində yerləşən parkda yenidənqurma işlərinə başlanılmışdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail rayonunda aparılan abadlıq və quruculuq işləri çərçivəsində park və xiyabanların salınmasına, mövcud olanların isə yenidən qurulmasına xüsusi diqqət göstərilir. Bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində Bayıl yaşayış massivi, İbrahim Məmmədov küçəsində yerləşən parkda şəhərsalma standartlarına və müasir tələblərə uyğun olaraq yenidənqurma və bərpa işlərinə başlanılmışdır.
Yenidənqurma işləri çərçivəsində ümumi sahəsi 2 000 kv.m. olan parkda 840 kv.metr sahədə yeni tamet-daş örtüklərin düzülməsi, burada olan istifadəyə yararsız söhbətgahın sökülərək yenisi ilə əvəz olunması, yeni dəmir-beton dirəklərin tikilməsi və 325 kv.metr sahədə fasad divarının təmir olunması işləri həyata keçirilir. Eyni zamanda park ərazisinin işıqlandırılması üçün 20 ədəd böyük işıq dirəyinin, idman qurğuları və uşaqlar üçün əyləncə meydançasının quraşdırılması nəzərdə tutulmuşdur. Müasir tələblərə uyğun inşa olunacaq parkda 1 120 kv.metr sahədə yeni ot örtüyünün salınması, həmişəyaşıl ağaclar və gül kollarının əkilməsi, həmçinin park ətrafında mövcud asfalt örtüyünün yenilənməsi və yeni işıqlandırma sistemlərinin quraşdırılması işləri aparılacaqdır. Yenidənqurma işlərinin cari ilin 3-cü rübündə yekunlaşdırılması nəzərdə tutulmuşdur.