Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda daha beş küçə şəhidlərin adını daşıyacaq

23 may 2023 | 14:34

Ölkəmizdə şəhid ailələrinə və müharibə əlillərinə diqqət dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən həyata keçirilən bu siyasətin tələblərinə uyğun olaraq Respublikamızın hər yerində olduğu kimi, Səbail rayonunda da şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilir.  

Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi məqsədilə Səbail rayonunda beş küçənin adları dəyişdirilərək şəhidlərin adları verilmişdir. Belə ki, Bayıl yaşayış massivində yerləşən Buxta küçəsi Nicat Şükürlünün, Badamdar qəsəbəsində yerləşən 4 küçə, o cümlədən Yanardağ küçəsi Bakir Quliyevin, Qədim Qala küçəsi Yusif Budaqovun, Neftçilər küçəsi Cavidan İbrahimlinin, Məktəbli küçəsi Cəmil Məmmədlinin adını daşıyacaq.

Qeyd edək ki, Qarabağ müharibəsi şəhidi Quliyev Bakir Əliqulu oğlu Ulu Öndər Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli Sərəncamına əsasən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə, Vətən müharibəsi şəhidləri Şükürlü Nicat Ayaz oğlu, Budaqov Yusif Ramiq oğlu, İbrahimli Cavidan Nizami oğlu və Məmmədli Cəmil Habil oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişlər.

Şəhid adlarının əbədiləşdirilməsi şəhidlərin ailə üzvləri və rayon ictimaiyyəti tərəfindən böyük rəğbət və minnətdarlıqla qarşılanıb.

Keçidlər