Səbail rayonunda 15 may — Beynəlxalq Ailə Günü münasibətilə “Nəsillərarası dialoq” adlı mini-panel təşkil olunmuşdur
15 may — Beynəlxalq Ailə Günü münasibətilə Səbail Rayon İcra Hakimiyyəti və Səbail bələdiyyəsinin birgə təşkilatçılığı ilə Səbail bələdiyyəsində “Nəsillərarası dialoq” adlı mini-panel təşkil olunmuşdur. Tədbirdə RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, sədr müavini - Səmədağa Aslanov, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsin müdiri Xatun Kərimova, yaşlı nəslin nümayəndələri və gənc ailə üzvləri iştirak etmişdilər.
Tədbirin açılışında çıxış edənlər ailə institutunun cəmiyyət həyatında mühüm rolundan, milli-mənəvi dəyərlərin qorunmasının vacibliyindən, nəsillərarası münasibətlərin möhkəmləndirilməsinin əhəmiyyətindən və müasir informasiya mühitinin ailə münasibətlərinə təsirindən bəhs etmişlər. Çıxışlarda ailədaxili qarşılıqlı anlaşmanın gücləndirilməsi, sağlam ailə mühitinin gənclərin inkişafına müsbət təsiri və nəsillərarası dialoqun cəmiyyət üçün əhəmiyyəti xüsusi vurğulanmışdır.
Panel zamanı yaşlı nəslin təmsilçiləri və gənc ailə nümayəndələri ailə dəyərləri, milli ənənələrin qorunması, texnologiyanın gündəlik münasibətlərə təsiri və nəsillərarası fərqlər mövzularında fəal müzakirələr aparmış, şəxsi təcrübələrini bölüşmüşlər.
Tədbir çərçivəsində “Kim deyib?” formatında interaktiv oyun və sual-cavab sessiyası keçirilmiş, bu hissələr iştirakçıların marağına səbəb olmuş və tədbirin dinamikliyini artırmışdır.
Sonda qeyd olunmuşdur ki, zaman və həyat tərzi dəyişsə də ailənin təməl prinsipləri olan sevgi, hörmət və qarşılıqlı anlayış daim öz aktuallığını qoruyub saxlayır və nəsillərarası dialoq bu dəyərlərin gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyət daşıyır.
#AiləmizƏnGüclüDəyərimiz






