Şriftin ölçüsü :

Saytın rəngi :

Badamdar qəsəbəsində 15 may — Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilmişdir

15 may 2026 | 16:52

15 may — Beynəlxalq Ailə Günü münasibətilə Səbail Rayon İcra Hakimiyyəti, Badamdar bələdiyyəsinin və 236 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.
Tədbirdə RİHBA-nın Hüquq və kadr məsələləri sektorunun müdiri Nərmin Abuzərli, İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi Əziz Hüseynov, Badamdar qəsəbə inzibati ərazi dairəsi üzrə İcra Hakimiyyəti başçısının nümayəndəsi Samir Zamanov və baş məsləhətçi Elçin Əliyev, Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov, Badamdar Bələdiyyəsinin sədr müavini – Samir Məmmədov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Nail Bağırzadə, 236 saylı tam orta məktəbin direktoru Elnur Mirzəyev, məktəbin müəllim heyəti və şagirdləri iştirak etmişlər.
Tədbirdən əvvəl iştirakçılar məktəbdə şəhidlərin xatirəsinə həsr olunmuş guşəni ziyarət etmiş, Vətən uğrunda canlarından keçmiş qəhrəmanların əziz xatirəsini ehtiramla yad edərək önünə gül dəstələri düzmüşlər. Tədbirdə çıxış edənlər ailə institutunun cəmiyyət həyatında mühüm rolundan, uşaqların milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasının vacibliyindən və ailə ənənələrinin qorunaraq gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən bəhs etmişlər.
Tədbirin bədii hissəsində məktəblilərin ifasında müxtəlif musiqi və rəqs nömrələri təqdim olunmuşdur. Tədbir çərçivəsində şagirdlər arasında ailə dəyərlərinə həsr olunmuş şahmat yarışı keçirilmişdir. Sərgidə təqdim edilən rəsm əsərləri və əl işlərində ailə dəyərləri, qarşılıqlı hörmət, sevgi və qayğı mövzuları əks etdirilmişdir. Tədbirin sonunda fəallığı və uğurlu çıxışları ilə seçilən şagirdlər sertifikatlarla təltif olunmuşdur.
Qeyd edilmişdir ki, bu kimi tədbirlər məktəblilər arasında ailə dəyərlərinin təbliği, yaradıcılıq və intellektual bacarıqların inkişaf etdirilməsi, eləcə də gənc nəslin milli-mənəvi ruhda formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
#AiləmizƏnGüclüDəyərimiz

Keçidlər