Bibiheybət məscid-ziyarətgah kompleksində Soyqırım Gününə həsr olunmuş tədbir keçirilmişdir
Bibiheybət məscid-ziyarətgah kompleksində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Səbail RİHBA-nın şöbə müdiri Qabil Vahidov, QMİ-nin Qazılar Şurasının üzvü, Bibiheybət məscidinin axundu Hacı Rahib Babayev, Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini İsrafil Kərimov, şəhidlərin ailə üzvləri və qazilər iştirak etmişlər.
Tədbir Ulu Öndər Heydər Əiyevin, soyqırımı qurbanlarının, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad ediməsi ilə başlanılmışdır.
Tədbir zamanı çıxış edənlər 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanın böyük tarixi əhəmiyyətindən danışmışlar. Vurğulanmışdır ki, erməni siyasi birlikləri, silahlı qrupları və daha sonra Ermənistan dövlət orqanları etnik nifrət və irqçi ideologiya zəminində azərbaycanlılara qarşı sistematik soyqırımı siyasəti həyata keçirərək, çoxsaylı yerlərdə kütləvi qətliamlar törədib, azərbaycanlıları öz doğma yerlərindən zorla çıxarıb və onların mədəni irsini sistemli şəkildə məhv etmiş, bununla yanaşı Ermənistanın 1991-1994-cü illərdə Azərbaycan ərazilərinin 20 faizini işğal edərək orada çoxsaylı qətliamlar törətməsi, 800 min azərbaycanlını oradan qovması, Azərbaycan mədəni irsini dağıtması soyqırım siyasətinin tərkib hissəsi olduğu qeyd olunmuşdur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyinin tam təmin olunduğu, bütün şəhidlərimizin, o cümlədən Xocalı faciəsi qurbanlarının qisasının döyüş meydanında alındığı və şəhidlərimizin qanının yerdə qalmadığı bildirilmişdir.
Şəhidlərin ailə üzvləri və qazilər hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.