Bibiheybət qəsəbəsində aparılan abadlıq işləri sürətlə davam edir
Bakı ətrafı qəsəbələrin inkişafı və abadlaşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Bibiheybət qəsəbəsində aparılan abadlıq işləri sürətlə davam edir. Bibiheybət qəsəbəsində layihənin ikinci mərhələsi çərçivəsində sahilə yaxın hissələrdə, eyni zamanda Namiq Quliyev küçəsində yerləşən 115 evin dam örtüyünün yenilənməsi, evlərin qapı və pəncərələrin dəyişdirilməsi işləri həyata keçirilir, 500 metr uzunluğunda kommunal xətlər və işıqlandırma sistemləri yenilənir və evlərin fasadları təmir olunaraq əlavə eyvanlar və talvarlar qurulur.
Bibiheybət qəsəbəsində qəzalı vəziyyətdə olan 7 fərdi yaşayış evi sökülərək yenidən inşa olunur. Bununla yanaşı qəsəbədə yeni uşaq meydançaları və sakinlərin asudə vaxtlarının səmərəli istifadəsi üçün istirahət zonalarının yaradılması ilə əlaqədar abadlıq işlərinə də başlanılıb. Hər bir vətəndaşın həyatı və sağlamlığı üçün əlverişli ətraf mühitin yaradılması məqsədilə 2 yeni park salınır və 1 ekobox cihazı quraşdırılır.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov qəsəbədə aparılan abadlıq işləri çərçivəsində həyata keçirilən tədbirlərin növbəti mərhələsinin icra vəziyyəti ilə tanışlığı zamanı sakinləri narahat edən müxtəlif məsələlərlə əlaqədar problemləri yerindəcə dinləmiş, onların rəy və təkliflərini nəzərə alaraq qaldırılan məsələlərin tez bir zamanda həll olunması, görülən işlərin sürətləndirilməsi və vaxtında başa çatdırılması üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
Sakinlər ölkəmizdə, o cümlədən Bibiheybət qəsəbəsində aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, N.Quliyev və Məktəbli küçələri boyunca aparılan abadlıq işlərinin birinci mərhələsi çərçivəsində qəsəbənin su, qaz, rabitə xətləri dəyişdirilmiş, kommunikasiya xəttləri yenilənmiş, küçələrə daş piltələr döşənmiş, çoxsaylı yaşayış evlərinin damörtükləri, qapı və pəncələri dəyişdirilmiş, fasadları yenilənmiş, əlavə eyvanlar və talvarlar qurulmuşdur. Qəsəbədə aparılan işlər qədim yaşayış məskənlərimizin, tarix və mədəniyyət abidələrinin, yeni müasir komplekslərin inşası baxımınan da böyük əhəmiyyət kəsb edir. Burada görülən işlər həm vətəndaşlarımızın, həm də xarici turistlərin böyük marağına səbəb olacaqdır.