Bilal Qənbərovun Vətən müharibəsində şəhid olmasının ildönümü ilə bağlı məzarı ziyarət olundu
Vətən müharibəsində qəhrəmancasına şəhid olan Qənbərov Bilal Xanlar oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən üç il ötür. Müharibənin ilk günlərindən döyüşə atılan Bilal Qənbərov 2020-ci il noyabrın 4-də Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Qənbərov Bilal Xanlar oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin məzarları da ziyarət olunmuşdur.
Vətən Müharibəsi şəhidi Bilal Qənbərovun məzarı önündə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov şəhidlərimizin əziz xatirələrinin hər birimiz üçün müqəddəs olduğunu bildirərək şəhid ailələrinin, döyüşlərdə iştirak etmiş hərbçilərin və qazilərin Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət və qayğısı ilə əhatələndiklərini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə bu kateqoriyadan olan insanların sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin bunun bariz nümunəsi olduğunu qeyd etmişdir.
Şəhidin valideynləri şəhid ailələrinin, qazilərimizin Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və qayğısı ilə əhatələndiyini, aparılan islahatlar və yüksək işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.