Şəhid Cəbrayıl Əsgərovun xatirə lövhəsinin açılış mərasimi keçirilib
Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhid olmuş Əsgərov Cəbrayıl Fəyaz oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bibiheybət qəsəbəsi, Şıx yaşayış massivində Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan xatirə lövhəsinin açılış mərasimi keçirilmişdir. Tədbirdə Səbail RİH başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və qəsəbə sakinləri iştirak etmişlər.
Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını bildirmişdir. RİH başçısı dövlət tərəfindən hər zaman şəhid ailələrinə, qazilərə və müharibə əlillərinə xüsusi diqqətlə yanaşıldığını tədbir iştirakçılarının diqqətinə çatdıraraq Ölkə başçısı həyata keçirdiyi sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Səbail rayonunda da bu kateqoriyadan olan həssas əhali qruplarının lazımi qayğı ilə əhatə olunduğunu, onların mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə operativ tədbirlər görüldüyünü qeyd etmişdir.
Şəhidin ailə üzvləri və qəsəbə sakinləri şəhidin xatirəsinin əziz tutulmasından məmnunluqlarını ifadə etmiş, aparılan yüksək işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, Cəbrayıl Əsgərov 1992-ci ilin avqustun 28-də Ağdərə istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərərək qəhrəmancasına şəhid olmuşdur.