İsmayıllı rayonunda dəfn olunan şəhidimiz Cəmil Məmmədlinin məzarı ziyarət olundu
Avqustun 28-də Səbail RİH başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın məsul əməkdaşları və şəhidin ailə üzvləri tərəfindən şəhid Məmmədli Cəmil Habil oğlunun İsmayıllı rayonunun Şəhidlər xiyabanında yerləşən məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş İsmayıllı rayon şəhidlərinin məzarları da ziyarət olunaraq onların ruhuna dualar oxunmuşdur.
Daha sonra şəhidin ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin qarşısında inşa olunmuş xatirə lövhəsi və şəhidin ev-muzeyi ziyarət olunmuş, şəhidin keçdiyi həyat yolundan, Vətən müharibəsi zamanı göstərdiyi şücaət və qəhrəmanlığından söhbət açılmışdır.
Ziyarət zamanı şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanan Kəmalə Həşimova Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişləri ilə dövlət tərəfindən hər zaman şəhid ailələrinə, qazilərə və müharibə əlillərinə xüsusi diqqətlə yanaşıldığını, hər bir şəhid ailəsinin mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə operativ tədbirlər görüldüyünü bildirmişdir.
Şəhidin ailə üzvləri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmiş, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini vurğulamışlar.
Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Cəmil Məmmədli oktyabrın 15-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və "Vətən uğrunda” medalları ilə təltif olunmuşdur.