Səbaildə Dövlət Bayrağı Günü ilə bağlı tədbir
163 nömrəli tam orta məktəbdə 9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə tədbir təşkil olunmuşdur. Tədbirdə Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları Gülnar Məmmədova və Abasağa Dərbəndli, məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Reyhan Hacızadə, Şəhid Cəmil Məmmədlinin anası Aygün xanım Məmmədova, məktəbin müəllim və şagird heyəti iştirak etmişlər. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin ifası ilə başlamışdır.
Tədbir zamanı qeyd olunmuşdur ki, Məhz Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində üç rəngli, ay ulduzlu bayrağımız ikinci dəfə 1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilərək Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmiş, daha sonra isə Azərbaycan Respublikası Ali Soveti 5 fevral 1991-ci ildə üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə Azərbaycanda Dövlət Bayrağı Günü təsis edilmiş və artıq hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Tədbir şagirdlərin vətənpərvərlik mövzusunda hazırladığı maraqlı kompozisiyalarla davam etdirilmişdir.