Səbail rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans üçün elan edilmiş referat-yazı müsabiqəsinin yekun mərhələsi keçirilmişdir
Səbail Rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat-yazı müsabiqəsinin yekun mərhələsi keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayon məktəbliləri və onların elmi rəhbərləri iştirak etmişlər.
Tədbir zamanı Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu və siyasi fəaliyyəti barədə ətraflı məlumat verilmiş, dahi rəhbərin keçdiyi şərəfli və mənalı həyat yolundan, dövlətimizin, xalqımızın bu günü üçün etdiyi fədakarlıqlardan söhbət açılmışdır. Müsabiqənin gənc nəslin vətənpərvər ruhda böyüməsində böyük rolu olması vurğulanmış, bundan sonra da şagirdlər və gənclər arasında humanitar biliklərin artırılması sahəsində, vətənpərvərlik, doğma yurda sevgi mövzusunda layihələrin keçirilməsinin davamlı olacağı qeyd edilmişdir.
Daha sonra münsiflər heyəti tərəfindən ümumilikdə 5 mövzu üzrə rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin rayon mərhələsinə vəsiqə qazanan şagirdlərinin referat-yazı işləri dinlənilmiş, müsabiqənin yekun mərhələsində iştirak edəcək şagirdlər müəyyən olunmuşdur.