Fərid Əliyevin Vətən müharibəsində şəhid olmasının ildönümü ilə bağlı məzarı ziyarət olundu
Vətən müharibəsində qəhrəmancasına şəhid olan Əliyev Fərid Pirəli oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən üç il keçir. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Fərid Əliyev Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və "Vətən uğrunda” medalları ilə təltif olunmuşdur.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, RİHB-nın müavinləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Əliyev Fərid Pirəli oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin məzarları da ziyarət olunmuşdur.
Mərasim zamanı çıxış edənlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ordumuzun qazandığı qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən, Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olmuş Fəridin ömür və döyüş yolundan bəhs etmişlər.
Şəhidin ailə üzvləri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.