Şriftin ölçüsü :

Saytın rəngi :

Fövqəladə Hallar Nazirliyi Səbail Rayon İcra Hakimiyyəti ilə birgə müşavirə keçirib

12 noyabr 2022 | 13:25

Noyabrın 11-də Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Səbail Rayon İcra Hakimiyyətində “Səbail rayonunda 2022-ci ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirilib. Müşavirədə Səbail RİH başçısının birinci müavini Vüqar Şixəmmədov, FHN Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov, Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, yerli icra və özünüidarəetmə orqanlarının, eləcə də rayonun təsərrüfat və digər xidmətlərinin, təhsil, səhiyyə müəssisələrinin, qaz, elektrik enerjisi və su təchizatı rayon qurumlarının, mənzil-kommunal təsərrüfatı təşkilatları və digər aidiyyəti obyektlərin rəhbərləri iştirak etmişlər.

Müşavirə zamanı çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vüqar Şixəmmədov mülki müdafiə işinin təşkili, eləcə də yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində təşkil olunan tədbirlərin əhəmiyyətini və bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasının vacib olduğunu vurğulamışdır.

Daha sonra “Rayonda xəbərdarlıq sistemlərinin mövcud vəziyyəti”, “Rayonda mühəndis mühafizəsinin vəziyyəti”, “Rayonda kimyəvi mühafizənin vəziyyəti” və “Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları” mövzularında çıxışlar edilmiş və videoçarxlar nümayiş olunmuşdur. Çıxışlar zamanı rayon ərazisində yerləşən müxtəlif obyektlərin balansında olan xəbərdarlıq sistemləri, kollektiv mühafizə qurğuları və fərdi mühafizə vasitələrinin vəziyyəti, bu sahədə mövcud olan çatışmazlıqlar və onların həlli ilə bağlı məsələlər tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Tədbirin keçirilməsində məqsəd rayon ərazisində mülki müdafiə işinin mövcud vəziyyətinin təhlil edilməsi, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin təşkilinin gücləndiriməsi, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması, sözügedən sahə ilə bağlı biliklərin təbliği və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılmasından ibarət olmuşdur.

Keçidlər