2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilmişdir
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 2 fevral - Gənclər Günü münasibətilə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı tərəfindən tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Mərkəzi Təftiş Komissiyasının üzvü Aydın Hüseynov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rövşən Muradov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi sədrinin müavini Fəsli Nəbiyev, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan fəal gənclər iştirak etmişlər. İlk öncə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Badamdar qəsəbəsi Heydər Əliyev parkında yerləşən büstü önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilmiş, daha sonra şəhidlərin xatirəsinə ucaldılmış “Şəhidlər abidəsi” ziyarət olunmuşdur.
Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, gənclərin ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal rol oynadığını vurğulamışlar. Qeyd edilmişdir ki, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər və intellektual gəncliyin formalaşdırılması dövlət siyasətinin əsas prioritetlərindəndir və Yeni Azərbaycan Partiyası bu prosesdə mühüm ideoloji məktəb rolunu oynayır. Tədbirdə gənclərin təhsil, məşğulluq, ictimai fəallıq və dövlət idarəçiliyində iştirakı üçün yaradılan imkanlardan, eləcə də Səbail rayonunda gənclərlə bağlı həyata keçirilən tədbirlərdən bəhs edilmişdir.
Tədbirin sonunda 2 fevral - Gənclər günü müsasibətilə Yeni Azərbaycan Partiyasının fəaliyyətində və ictimai-siyasi həyatda fəallığı ilə seçilən bir qrup gənc Fəxri Fərmanlarla təltif olunmuşdur.






