2 fevral – Gənclər Gününə həsr olunmuş “Gənclərin baxışında müasir şəhərsalma” mövzusunda gənclərlə görüş keçirilmişdir
Səbail Rayon İcra Hakimiyyətində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 2 fevral – Gənclər Gününə həsr olunmuş “Gənclərin baxışında müasir şəhərsalma” mövzusunda gənclərlə görüş keçirilmişdir. Tədbirdə RİH başçısı müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, RİH başçısı Aparatının sektor müdirləri və məsul əməkdaşları, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun müdiri Zamin Əhmədov, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan fəal gənclər iştirak etmişlər.
Görüş zamanı ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanmış, Ulu Öndərin daim Azərbaycanın gələcəyi barədə düşündüyü, gənc nəslin inkişafına xüsusi diqqət yetirdiyi qeyd edilmişdir. Bildirilmişdir ki, bu siyasət bu gün Ümummilli liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir və gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılır.
Tədbir çərçivəsində “Gənclərin baxışında müasir şəhərsalma” mövzusu ətrafında fikir mübadiləsi aparılmış, şəhər mühitinin davamlı inkişafı, yaşıl zonaların artırılması, infrastrukturun təkmilləşdirilməsi, nəqliyyatın optimallaşdırılması, ictimai məkanların funksionallığı və gənclərin bu proseslərdə fəal iştirakı məsələləri müzakirə olunmuşdur. Mövzuya dair video-çarx nümayiş etdirilmişdir.
Tədbirin sonunda rayonun ictimai həyatında fəal iştirakı və səmərəli fəaliyyəti ilə fərqlənən gənclər Səbail Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunmuşlar.






