Səbaildə gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetində “Gənclərin zərərli vərdişlərdən təcrid edilməsi” mövzusunda tədbir keçirilib. Görüşdə Səbail RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Orxan Aydınov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail Rayon Polis İdarəsinin əməliyyat üzrə birinci müavini, polis polkovniki Nəriman Bayramov, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, universitetin professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə universitetin Heydər Əliyev muzeyini ziyarət etmiş, Ulu Öndərin büstü önünə gül dəstələri düzmüşlər.
Tədbirdə çıxış edənlər müasir dövrdə gənclərin düzgün istiqamətləndirilməsi, sağlam həyat tərzinə təşviqi və maarifləndirilməsi cəmiyyətin gələcəyi baxımından son dərəcə önəmli olduğunu, zərərli vərdişlər yalnız fərdi sağlamlığa deyil, həm də təhsil və sosial münasibətlərə mənfi təsir göstərdiyini bildirmişlər. Həmiçinin qeyd olunub ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Sağlam həyat tərzi, zərərli vərdişlərdən uzaq olmaq və ictimai fəaliyyətə fəal qoşulmaq gənclərin həm fərdi, həm də sosial uğurunun təməlidir.
Sonda tədbir iştirakçıları ilə rayon ərazisində narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün maarifləndirici tədbirlərin əhəmiyyəti, gənc nəslin sağlamlığının qorunması istiqamətində geniş fikir mübadiləsi aparılmışdır.






