Şriftin ölçüsü :

Saytın rəngi :

“BMT-nin CEDAW Komitəsinin tövsiyələri: gender bərabərliyi istiqamətində mövcud vəziyyət və perspektivlər" mövzusu üzrə təlim keçirilib

22 iyun 2023 | 11:00

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “BMT-nin CEDAW Komitəsinin tövsiyələri: gender bərabərliyi istiqamətində mövcud vəziyyət və perspektivlər" mövzusu üzrə gender məsul şəxslər üçün təlim keçirilmişdir. Təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, hüquq üzrə fəlsəfə doktoru, Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini Elgün Səfərov, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, gender və inkişaf üzrə ekspert, Dünya Bankının aparıcı konsultantı Xalisə Şahverdiyeva və dövlət qurumlarında gender məsələləri üzrə təyin olunmuş məsul şəxslər iştirak etmişlər.

Təlimdə açılış nitqi ilə çıxış edən BMT-nin CEDAW Komitəsinin üzvü Elgün Səfərov cəmiyyətdə gender bərabərliyi ilə bağlı mövcud olan stereotiplər, selektiv abortlar və cinsə görə ayrı-seçkilik halları ilə bağlı məlumatları qeyd edərək bu problemlərin qarşısının alınması istiqamətində görülməsi vacib olan tədbirləri diqqətə çatdırmışdır.

Daha sonra gender və inkişaf üzrə ekspert, Dünya Bankının aparıcı konsultantı Xalisə Şahverdiyeva təqdimatla çıxış edərək CEDAW Komitəsinin tövsiyələrinin icrası ilə bağlı mühüm məqamları, qadınlara qarşı gender əsaslı zorakılıq, ədalət mühakiməsinə çıxış, həssas kateqoriyadan olan qadınların problemlərinin həlli və qadınların vəziyyətinin yaxşılaşdırılması üçün milli mexanizmlər haqqında məlumat vermişdir.

Təlim çərçivəsində iştirakçılara “Gender bərabərliyi” dərs vəsaiti, “Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” haqqında məlumat verilmiş və mövzu ətrafında müzakirələr aparılmışdır.

Sonda iştirakçılara təlimdə iştirakla bağlı sertifikatlar təqdim edilmişdir.

Keçidlər