“Güclüyəm, dəyərliyəm, qadınam!” layihəsinin başa çatması ilə əlaqədar təltifetmə mərasimi keçirilmişdir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səbail Rayon İcra Hakimiyyətinin, “Regional İnkişaf" İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən “Güclüyəm, dəyərliyəm, qadınam!” layihəsi müvəffəqiyyətlə başa çatıb. Bu münasibətlə, layihənin yekunlarına dair İçərişəhərdə təltifetmə mərasimi keçirilmişdir. Tədbirə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Şahin Seyidzadə, Milli Məclisin deputatı Nigar Arpadarai, Səbail RİHB-nın müavini Kəmalə Həşimova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gender məsələləri şöbəsinin müdiri Səbinə Talışınskaya, təlimçilər və layihənin iştirakçıları qatılmılşdır. Yerli icmanın dəstəyi ilə reallaşmış, Səbail rayonundan 30 nəfər qadının iştirakı ilə baş tutmuş layihənin əsas məqsədi məişət zorakılığı ilə bağlı məsələlərdə maarifləndirməni, hüquqi bilikləri və özünə güvəni yüksəltmək olub.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov “Azərbaycan qadınları, onların cəmiyyətdəki rolu və mövqeyi hər zaman dövlətimizin diqqətində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən qadın hüquqlarının qorunması istiqamətində görülən tədbirlər ölkəmizdəki gender siyasətinə böyük töhfədir.” - deyə qeyd etmişdir.
Layihə çərçivəsində iştirakçılar psixoloqlar, hüquq müdafiəçiləri və müxtəlif sahələrdən mütəxəssislərin seminarlarında fəal iştirak ediblər. Onlara şəxsi bacarıqların təkmilləşdirilməsi, özünə inam, özünü müdafiə, uğurun qazanılması, hüquqi bilgilər, psixologiya və sair bu kimi faydalı mövzularda təlimlər keçirilib. “Xüsusilə yeni dünyada, yeni əmək bazarında olan çağırışlarda qadınların daha güclü olması, gələcəyə daha nikbin baxması önəmlidir. Bu sahədə dövlət tərəfindən mühüm işlər aparılır. Qadınların karyeralarında özlərini reallaşdırmaları üçün onlara dəstək olmalıyıq.” deyə millət vəkili Nigar Arpadarai tədbirin yekununda bildirib. Sonda “Güclüyəm, dəyərliyəm, qadınam!“ layihəsinin iştirakçılarına təlimləri uğurla başa çatdırdıqlarına görə sertifikatlar təqdim olunub.