Səbaildə “Heydər Əliyev İli” çərçivəsində növbəti tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Heydər Əliyev” ili çərçivəsində 50 nömrəli tam orta məktəbdə 8 Noyabr – Zəfər Günü münasibəti ilə “Tarixi Zəfərimiz Heydər Əliyev Siyasətinin təntənəsidir” mövzusunda tədbir təşkil olunmuşdur. Tədbirdə Səbail RİH başçısının müavini Kəmalə Həşimova, Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Bəylərova, şəhid ailələrinin üzvləri, məktəbin direktoru Vəfa Məmmədova, müəllim və şagird heyəti iştirak etmişlər.
Tədbir zamanı qeyd edilmişdir ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə tarixi xilaskarlıq missiyasını yerinə yetirib və Azərbaycanı tənəzzüldən, durğunluqdan, xaosdan çıxararaq inkişafa, tərəqqiyə doğru aparmışdır. Bugünkü əzəmətli və qüdrətli Azərbaycan məhz Heydər Əliyevin şah əsəri, Vətən Müharibəsində qazanılan müqəddəs Qələbə tarixi fəaliyyətinin bəhrəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə hər il noyabr ayının 8-nin Azərbaycanda Zəfər Günü kimi qeyd edilməsinin qərara alındığı vurğulanmışdır. Bildirilmişdir ki, bu şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyev, Müzəffər Ordumuzun əsgər və zabitləri, hərbçiləri, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz olmuşdur. Vətən Müharibəsində qabaqcıl hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə söhbət açılmış, möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib, qəhrəman Azərbaycan əsgər və zabitlərinin mühüm pay sahibi olduğu diqqətə çatdırılmışdır.
Şəhid ailələri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Tədbir bayram əhval-ruhiyyəsində davam etdirilmişdir.