Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilmişdir

02 avqust 2023 | 13:52

Səbail Rayon İcra Hakimiyyətində 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, RİHBA-nın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Suğra Məmmədova, RİHBA-nın məsul əməkdaşları iştirak etmişlər.

Tədbir zamanı Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova çıxış edərək bildirmişdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi ana dilimizin hərtərəfli inkişaf etdirilməsi sahəsində də Ümummilli Lider Heydər Əliyev tərəfindən böyük işlər həyata keçirilmiş, 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilmiş, Azərbaycan dilinin siyasi hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində bir sıra Fərman və Sərəncamlar verilmişdir. Ümummilli Liderin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqust ayının 1-i “Azərbaycan əlifbası və Azərbaycan dili” günü kimi təsis edilmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin doğma dilimizdə dahiyanə nitq mədəniyyəti ilə hamıya nümunə göstərməsi, hələ sovet dövründə, mərkəzin qadağalarına baxmayaraq, dilimizin dövlət dili statusu alması, Azərbaycan dilçi alimlərinin yüksək dövlət mükafatlarına layiq görülərək daha böyük tədqiqat işlərinə ruhlandırılması Azərbaycan dilçiliyinin sürətli inkişafında müstəsna rol oynamışdır. Əlavə olaraq bildirilmişdir ki, bu gün müstəqil ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyevin dövlət dili siyasəti çox uğurla davam etdirilir. Bu sahədə Möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən tədbirlər, dilimizin inkişafı və qorunması üçün münbit qanunvericilik bazasınının daha da möhkəmləndirməsi naminə qəbul olunan qərarlar müstəsna əhəmiyyətə malikdir.

Keçidlər