Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda tədbir keçirilib

20 iyun 2023 | 13:47

           Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamına əsasən iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu münasibətlə Səbail Rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Səbail RİH başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Qabil Vahidov, Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva, RİHBA-nın məsul əməkdaşları və rayon ərazisində fəaliyyət göstərən tibb müəsissələrinin rəhbərləri və əməkdaşları iştirak etmişlər.

          Tədbiri giriş sözü ilə açan Səbail RİH başçısının müavini Kəmalə Həşimova ilk olaraq bütün tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək bildirmişdir ki: “Ölkəmizin ictimai həyatının bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində də yeni iqtisadi sistemə uyğun olaraq həyata keçirilən islahatlar, inkişaf və tərəqqi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Səhiyyəmizin inkişafı yolunda Ümummilli Liderin xalqının hər bir nümayəndəsinin gələcəyini düşünərək gördüyü işlər öz dəyəri, böyüklüyü ilə əvəzsizdir. Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərliyi tərəfindən Ümummilli Liderin başlıca həyat prinsipi olan xalqa, millətə xidmət və sədaqət siyasəti, gələcəyə istiqamətlənmiş strateji inkişaf kursu davamlı surətdə irəliləyir və Azərbaycanın uğurlarının əsasını təşkil edir”.

          Tədbir zamanı çıxış edənlər Azərbaycan səhiyyəsinin bu gün özünün yeni inkişaf mərhələsini yaşadığını vurğulayarq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açıldığını, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunduğunu diqqətə çatdırmışlar. Tədbirdə iştirakçılar aparılan islaharlar, o cümlədən səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsini daim diqqət mərkəzində saxlayan ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Tədbirdə “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunu əks etdirən  videoçarx nümayiş etdirilmişdir.

          Sonda peşə fəaliyyəti ilə fərqlənən həkimlər rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Səbail RİH başçısının “Fəxri fərman”ları ilə təltif edilmişlər.

Keçidlər