Səbail rayonunda “Heydər Əliyev və dövlət idarəçiliyi” mövzusunda tədbir keçirilib
İyunun 23-də Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Səbail Rayon İcra Hakimiyyətində “Heydər Əliyev və dövlət idarəçiliyi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları iştirak etmişlər.
Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu vurğulayaraq bildirmişdir ki, müstəqilliyin ilk illərində dövlətimizin səmərəli fəaliyyətini təmin edilməsi üçün cəmiyyətin maraqları naminə fəaliyyət göstərən, səmərəli rəhbərlik edə bilən dövlət qulluğu sisteminin qurulması zəruri idi. Bu məqsədlə 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət Qulluğu haqqında” Qanunla dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin əsası qoyuldu. Ardıcıl olaraq ölkə quruculuğu sahəsində Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi müdrik, əvəzolunmaz tədbirlər nəticəsində Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu formalaşdı. Ulu Öndərin əsasını qoyduğu dövlətçilik konsepsiyası onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran RİH başçısı vurğulamışdır ki, dövlət qulluğunun təkmilləşdirilməsinin və yeniləşdirilməsinin əsas məqsədi ölkə vətəndaşlarının yaşayış səviyyəsini yüksəltmək və onların sosial rifahını təmin etməkdir.
Daha sonra Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Səbail Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Güləhmədovu təbrik edən RİH başçısı hər bir dövlət qulluqçusunun əsas vəzifəsinin vətəndaşların mövqeyindən çıxış etmək, ölkənin daha da qüdrətlənməsi üçün çalışmaq və Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın siyasi kursuna sadiq olmaq olduğunu qeyd etmişdir.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulamışdır.