Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda “Heydər Əliyev və Milli Memarlıq Dəyərlərinin Qorunması və İnkişafı” mövzusunda panel müzakirə keçirilmişdir

13 may 2026 | 15:59

Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü və R.Hüseynov adına 49 nömrəli “İntellekt” məktəb-liseyinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş Bakı şəhər həftəsi çərçivəsində “Heydər Əliyev və Milli Memarlıq Dəyərlərinin Qorunması və İnkişafı” mövzusunda panel müzakirə keçirilmişdir.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, Millət vəkili Nigar Arpadarai, RİHBA-nın Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini, Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun müdiri İnarə Əzimzadə, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov, Bakı Şəhər İcra Hakimiyyətinin humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Bakı-Abşeron Regional Turizm İdarəsinin rəisi Elnarə Əliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Fəttah Fəttayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Günay Qurbanova, Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev, “Azərbaycan Müəllimi” qəzetinin baş redaktoru Sarvan İbrahimov, Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Səbail rayon Komitəsinin sədri Leyla Baxşıyeva, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin şöbə müdiri Altun Rəcəbli, Bakı Abadlıq Xidməti MMC-nin memarı Rüfət Quliyev, Səbail Rayon Polis idarəsinin YYÇ inspektoru Aqil Xudiyev, təhsil işçiləri, müəllimlər və şagirdlər iştirak etmişlər.
Tədbirdən əvvəl iştirakçılar məktəbdə şəhidlərin xatirəsinə həsr olunmuş guşəni ziyarət etmiş, Vətən uğrunda canlarından keçmiş qəhrəmanların əziz xatirəsini ehtiramla yad edərək önünə gül dəstələri düzmüşlər. Daha sonra tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir zamanı çıxış edənlər “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən, milli memarlıq irsinin qorunmasının vacibliyindən və gənc nəslin bu istiqamətdə maarifləndirilməsinin önəmindən bəhs etmiş, Ümummilli Lider Heydər Əliyev dövründə Azərbaycanın tarixi-mədəni irsinin qorunması, memarlıq abidələrinin bərpası və milli memarlıq ənənələrinin inkişafı daim diqqət mərkəzində olduğu bildirilmişdir.
Panel müzakirəsinin moderatoru məktəb-liseyin direktoru Elza Bağırzadə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının milli memarlıq irsinin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. Spiker qismində çıxış edən Elnarə Əliyeva, İnarə Əzimzadə və Rüfət Quliyev milli memarlıq irsinin qorunması, şəhərsalma ənənələrinin inkişafı, tarixi-mədəni abidələrin bərpası və müasir şəhərsalma proseslərində milli memarlıq üslubunun qorunması ilə bağlı fikirlərini bölüşmüşlər.
Tədbir çərçivəsində məktəb şagirdlərinin “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş memarlıq abidələri və tarixi tikililərin maketlərindən ibarət sərgi nümayiş etdirilmişdir. Panel müzakirəsinin sonunda şagirdlər tərəfindən spikerlərə memarlıq, şəhərsalma və tarixi irsin qorunması ilə bağlı müxtəlif suallar ünvanlanmış, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

Keçidlər