Səbail Rayon İcra Hakimiyyətində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirilib
Mayın 18-də Səbail Rayon İcra Hakimiyyətində çimərlik mövsümünə hazırlıqla əlaqədar “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirilmişdir. Müşavirədə Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vüqar Şixəmmədov, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin 1-ci müavini – qərargah rəisi, general-mayor Məhərrəm Həsənov, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini, general-mayor Kamil Bağırov, Səbail Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Abbasqulu İsmayılov, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 3 saylı bölməsinin müdiri Reyhan İzzətpənah, Səbail Rayon Polis İdarəsinin rəis müavini Aslan Nəsirov, Səbail RİHBA-nın və Dövlət Sularda Xilasetmə Xidmətinin məsul əməkdaşları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vüqar Şixəmmədov su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsinin əsas faktor olduğunu vurğulayaraq rayon ərazisində yerləşən bütün ictimai və özəl çimərliklərdə, istirahət mərkəzlərində işarələnmə, nişanlanma və təhlükəsizlik qaydalarına nəzarət olunması məqsədilə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən məsul şəxslərin təhkim olunduğunu qeyd etmişdir. Çimərlik mövsümündə rayon ərazisində yerləşən çimərliklərə bir neçə dəfə baxış keçirildiyini bildirən Vüqar Şixəmmədov baxışlar zamanı mövsümə hazırlıqla əlaqədar xidmətin dalğıc-axtarış qrupu, sularda xilasetmə məntəqə və post əməkdaşlarının təyinatı üzrə hazırlığı yoxlanılması, baş verə biləcək xoşagəlməz halların və bədbəxt hadisələrin qarşısının alınması məqsədilə polis postlarının və təcili tibbi yardım briqadalarının fəaliyyəti təmin olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini general-mayor Kamil Bağırov çıxış edərək Rayon ərazisində olan çimərliklərdə problemlərin müəyyən olunması və onların aradan qaldırılması məqsədi ilə mütəmadi monitorinqlər keçirildiyini bildirərək mövcud problemləri təhlil edilməsinin, çimmək üçün qadağan edilən yerlərə aidiyyəti orqanların nəzarətinin gücləndirilməsinin və həmin yerlərdə qadağanedici işarələrin yerləşdirilməsinin vacibliyini nəzərə çatdırmışdır.
Müşavirə zamanı çıxış edən tədbir iştirakçıları tərəfindən rayon ərazisindəki çimərliklərin vəziyyəti, dəniz suyunun gigiyenik normalara uyğunluğu, məişət tullantılarının daşınması ilə bağlı mövcud problemlər, eləcə də əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi üçün görülməli olan işlər müzakirə edilmişdir.