Rayon İcra Hakimiyyətinin başçısı 20-ci sahə yaşayış massivində ağsaqqallarla görüş keçirmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar tapşırıq və tövsiyələrinə uyğun olaraq Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 20-ci sahə yaşayış massivində sakinlərlə görüş keçirmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər.
Görüş zamanı mövcud problemlər, təkliflər, görülməli olacaq işlər haqqında geniş fikir mübadiləsi aparılmışdır. Sakinlərin və ağsaqqalların dəyərli fikir və təkliflərini daim dinləməyə hazır olduğunu bildirən RİH başçısı sakinləri narahat edən müxtəlif məsələlərlə əlaqədar problemləri dinləmiş, onların rəy və təkliflərini nəzərə alaraq qaldırılan məsələlərin tez bir zamanda həll olunması üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
Sonda görüşdə iştirak edən ağsaqqallar çıxış edərək, ölkəmizin, paytaxtımızın gündən-günə gözəlləşdiyini qeyd edərək, Səbail rayonunda aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sakinləri adından öz dərin minnətdarlıqlarını bildirmişlər.