Rayon İcra Hakimiyyətinin başçısı şəhid Fəxrəddin Hüseynovun ailə üzvlərini ziyarət etdi
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları və Səbail bələdiyyəsinin sədri Hacı Əliyev şəhid Hüseynov Fəxrəddin Murad oğlunun ailə üzvlərini ziyarət etmişlər.
Görüş zamanı şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanan Səbail RİH başçısı Vuqar Zeynalov Azərbaycan dövləti tərəfindən şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərildiyini bildirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini ən əsas vəzifələrdən biri kimi müəyyən edildiyini qeyd etmişdir.
Şəhidin həyat yoldaşı Cəmilə Hüseynova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, şəhid Fəxrəddin Hüseynov 1994-cü ildə könüllü olaraq ordu sıralarına yazılaraq Qarabağ uğrunda gedən döyüşlərə qatılmışdır. O, müharibəyə gedəndə ailəli idi və üç oğlan övladı var idi. Qızğın döyüşlərin getdiyi Ağdam rayonuna göndərilən Fəxrəddin Hüseynov qorxmaz və bacarıqlı əsgər kimi tanınmış, Füzuli, Ağdam və Tərtər rayonlarında gedən amansız döyüşlərdə xüsusi fədakarlıq göstərmişdir. 1994-cü ilin mayın 5-də Ağdam rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalmışdır.