Səbail Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilmişdir
Səbail Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilmişdir. Görüşdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, İctimai Şuranın sədri Şakir Eminbəyli, şuranın sədr müavini, Vətən müharibəsi qazisi mayor Polad Rzayev, RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları və şura üzvləri iştirak etmişlər.
Görüşü giriş sözü ilə açan RİH başçısının müavini Kəmalə Həşimova bildirmişdir ki, “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsini, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlik olan İctimai Şuranın Səbaildə səmərəli fəaliyyəti üçün hər cür dəstək göstərilir.
Daha sonra İctimai Şuranın sədri Şakir Eminbəyli çıxış edərək Şuranın fəaliyyətinin səmərəli təşkili məqsədi ilə zəruri məlumatların əldə edilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, eyni zamanda ictimai iştirakçılıq tələb edən məsələlər üzrə məsləhətləşmələrin aparılması baxımından görüşün əhəmiyyətli olduğu vurğulamışdır.
Tədbir zamanı İctimai Şuranın fəaliyyəti haqqında, o cümlədən ictimaiyyətlə əlaqələrin daha sıx qurulması istiqamətində maarifləndirmə tədbirlərinin genişləndirilməsi ilə bağlı ətraflı müzakirələr aparılmışdır.